Accessibility links

AXCP fəallarının aclıq aksiyası keçirdikləri deyilir 


Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından Niyaməddin Əhmədovun sentyabrın 24-dən, Zamin Salayevin isə 2 həftədən çoxdur ki, aclıq aksiyası keçirdikləri bildirilir.

Bu barədə AXCP-dən məlumat veriblər. Məlumatda qeyd edilir ki, hər iki şəxs əsassız yerə həbs edilmələrinə etiraz edirlər.

Bu məsələ ilə bağlı Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsi-nə verdiyi açıqlamasında deyib ki, Niyaməddin Əhmədov koronavirusa yoluxub:

“Niyaməddin Əhmədov xəstəliyi ilə bağlı ixtisaslaşmış müəssisəyə köçürülüb. Mən Bakı istintaq təcridxanasına zəng etdim və öyrəndim ki, koronavirus şübhəsi ola bilər. Rəsmi məlumat isə belədir ki, xəstəliyi ilə bağlı ixtisaslaşmış müəssisəyə köçürülüb. Ora isə yalnız koronavirusa yoluxmuş xəstələr yerləşdirilir. Çox güman ki, Niyaməddin Əhmədov da koronavirusa yoluxub. Sonuncu məhkəmə prosesində də mənə xəstə olduğunu demişdi, özünü yaxşı hiss etmirdi".

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilən Niyaməddin Əhmədov ötən il aprelin 16-da İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 gün həbs edilib.

Mayın 16-da, həbsdən azad edilməli olan gündə isə ona qarşı cinayət məcəlləsinin (CM) 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib. AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.

Bu günlər Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək Niyaməddin Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Proses sentyabrın 29-da davam edəcək.

AXCP Zamin Salayevin də sifarişlə həbs olunduğunu iddia edir. O, 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Zamin Salayev Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

O, həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı.

Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan bir xanıma təcavüzdə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada (xırda xuliqanlıq) 30 günlük həbs olunub.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.

Videoda haqqında bəhs olunan xanım da Həmzə Əzizova bıçaqla xəsarət yetirmək iddiası ilə 7 il azadlıqdan məhrum edilib. Qadın polisin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Azərbaycan rəsmiləri ölkədə siyasi sifarişlə həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG