Accessibility links

AXCP fəallarının apellyasiya şikayəti üzrə ilkin baxış olub


Aprelin 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Ramiz Bayramovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov (o Rusiya vətəndaşıdır), AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun apellyasiya şikayəti üzrə ilkin baxış olub.

Məhkəmə baxışı mayın 8-nə təyin edilib.

Vəkillər apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə keçirilməsi barədə vəsatət qaldırıb. Çünki, hesab edirlər ki, birinci instansiya məhkəməsi sübutları araşdırmayıb. Müdafiəçilər həmçinin hər üç şəxs barəsində həbs qətimkan tədbrinin apellyasiya baxışı dövründə ev dustaqlığı və ya girov müqabilində ev dustaqlığı cəzası ilə əvəz edilməsi barədə vəsatət qaldırıb.

Dövlət ittihamçısı Süleyman Atakişiyev birinci instansiya məhkəməsinin sübutlara qiymət verdiyini bildirib və ev dustaqlığı barədə vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib. Beləliklə, məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu il fevralın 27-də Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahlı bilinib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmov ilə uzun illərdir dostdurlar və dostu olaraq da bir neçə dəfə ona yardım edib.

XS
SM
MD
LG