Accessibility links

AXCP fəallarının məhkəmə istintaqı yekunlaşıb


AXCP fəalları məhkəmədən sonra
AXCP fəalları məhkəmədən sonra

Iyunun 2-də Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində məhkəmə istintaqına yekun vurulub.

Bu gün keçirilən məhkəmə iclasında Fuad Qəhrəmanlı və Məmməd İbrahimlə bağlı telefon operatorlarının təqdim etdiyi danışıqlar tədqiq olunub. Bəlli olub ki, aksiya keçirilən gün Məmməd İbrahim aksiyada iştirak edən oğlunu geri çağırmaq istəsə də, ona zəng çatmadığı üçün, oğlunu tanıyan bir neçə nəfərə zəng edib.

Fuad Qəhrəmanlı deyib ki, Qarabağla bağlı həmrəylik aksiyası olan gün ona yalnız iki zəng olub.

“Zəng edən şəxslərdən biri ötən məhkəmə iclasında şahid qismində ifadə verərək, mənim ona mitinqə getmə dediyimi bildirdi. Digər zəng isə şəxsi xarakterli olub. Beləliklə, bəlli oldu ki, hadisə vaxtı mən Milli Məclisin qarşısında olan heç kimlə danışmamışam. Bundan sonra dövlət ittihamçısına müraciət etdim ki, mənim bu prosesdə nəinki təşkilatçı kimi, hətta adi əlaqəm olmasına dair bircə fakt təqdim etsinlər. Bu təkidli sualıma prokuror susmaqla reaksiya verdi,” Qəhrəmanlı qeyd edib.

Növbəti məhkəmə iclası iyunun 9-da olacaq, müdafiə və ittiham tərəfləri çıxış edəcək.

Məhkəməsi keçirilən qrupa Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Müsəlman Birliyi Hərəkatının 2 üzvü və digər 6 nəfər daxildir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılan təqsirləndirilən şəxslərin hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.

XS
SM
MD
LG