Accessibility links

AXCP funksioneri 10 sutka cərimə təcridxanasında saxlanılıb


Aqil Məhərrəmli

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli iyulda karantinə alındığı 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (Tubzon) cərimə təcridxanasına (kars) salınıb.

AXCP-nin məlumatına görə, bu gün, avqustun 27-də məlum olub ki, o, son 10 sutka karsda saxlanılıb.

“Aqil Məhərrəmlinin cəzalandırılmasına səbəb müalicə müəssisəsindəki özbaşınalıqlara və Qarabağ yürüşündə həbs edilərək ora göndərilən əqidədəşlarına qarşı edilən haqsızlıqlara etiraz etməsi olub,” AXCP bildirir.

Xatırladaq ki, 19 iyulda 2 saylı cəzaçəkmə müəssisəsindən koronavirus testi pozitiv çıxan 40 nəfər məhbus 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) köçürülüb. Köçürülən xəstələr arasında Aqil Məhərrəmli də olub. Bundan sonra Qarabağ yürüşündə haqsız yerə həbs edilən daha iki AXCP fəalı Məhəmməd İmanlı və Ramid Nağıyev, o cümlədən AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov həmin müsəssisəyə göndərilib.

Öz növbəsində, müalicə müəssisəsindən məlumatla bağlı hələ şərh almaq mümkün olmayıb.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Eldar İsmayılovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu (o, Rusiya vətəndaşıdır) 7il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənovu 3 il həbsə məhkum edib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə bu il iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG