Accessibility links

AXCP funksionerinə qarşı bir ittiham götürülüb, bütün fəallara əlavə ittiham elan edilib


Məmməd İbrahim
Məmməd İbrahim

15 iyul Qarabağ aksiyası ilə əlaqədar saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qarşı ittiham maddələrindən biri götürülüb, lakin digəri əlavə edilib.

Vəkili Əsabəli Mustafayev bildirib ki, Məmməd İbrahimin üzərindən Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddəsi üzrə ittiham götürülüb.

Eyni zamanda İbrahimə Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi (vəzifəsini yerinə yetirən şəxsə xəsarət yetirmək) üzrə ittiham elan olunub.

Bu maddə bu iş üzrə keçənlərin hamısına əlavə edilib.

Rəsmi qurumlar hələ bu məlumata münasibət bildirməyib.

Məmməd İbrahim və bu iş üzrə cəlb edilmiş daha 17 nəfər AXCP fəalı da Cinayət Məcəlləsinin 186.2.1 (başqasının əmlakının məhv edilməsi və zədələnməsi), 315 (polisə müqavimət), 233-cü (ictimai qaydanın pozulması) maddələri ilə ittiham olunurlar.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 18 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

XS
SM
MD
LG