Accessibility links

AXCP həbsdə olan fəala işgəncə verildiyini bildirib


Zamin Salayev
Zamin Salayev

“Zamin Salayevin səhhətində müəyyən problemlər var. Bununla bağlı artıq müəyyən orqanlara müraciət etmişəm.”

Bu barədə vəkil Cavad Cavadov yanvarın 22-də Azərbaycan Daxili İşlər Nazirliynin Müvəqqəti Həbs Olunanların Saxlanma yerində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Salayevlə görüşündən sonra Amerikanın Səsinə bildirib.

Cavad Cavadov
Cavad Cavadov

Vəkil problemin nədən ibarət olması barədə məlumat verməyib.

“Bu barədə müvafiq orqanların qərarı olduqdan sonra açıqlama verəcəm,” o qeyd edib.

Cavad Cavadov fəalın həbsi barədə birinci insansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, AXCP Salyan rayon şöbəsinin fəalı Zamin Salayevə qarşı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsində cinayət törədilib.

Zamin bəyə işgəncə verilib, vəhşicəsinə döyülüb, lakin Binəqədi Müvəqqəti Saxlama Mərkəzində deyil, həbs olunduğu polis bölməsində.
Əli Kərimli, AXCP sədri

“Zamin bəy imkan tapıb, bizə xəbər göndərib. Zamin bəyə işgəncə verilib, vəhşicəsinə döyülüb, lakin Binəqədi Müvəqqəti Saxlama Mərkəzində deyil, həbs olunduğu polis bölməsində. Zamin bəyi də videokamera qarşısında döyüblər. Zamin bəy polis bölməsində elə döyülüb ki, hətta Binəqdi Müvəqqəti Saxlama Mərkəzində o şəraitdə onu qəbul etməyiblər. Polislər onu xəstəxanaya aparıblar. Xəstəxanada həkimlər bildirib ki, onu tibbi əməliyyat etmək lazımdır. Lakin Zamin bəyi ora aparmış polis buna imkan verməyib və bildirib ki, ilkin tibbi yardım göstərilsə kifayətdir,” Əli Kəriml Facebook səhifəsində yazıb.

AXCP sədri bildirir ki, ölkədə "polis zorakılığı və işgəncə meydan sulayır, dövlət siyasəti" statusu alıb.

“Zamin bəyə qarşı törədilənlər konkret cinayətdir. İlham Əliyevin şəxsi rəhbərliyilə həyata keçirilən işgəncə siyasətinin icraçısı Daxili İşlər Nazirliyi, ört-basdır edəni isə prokurorluq və məhkəmə sistemidir. Özünü ləyaqətli vətəndaş və demokratik düşüncəli insan hesab edən hər bir şəxs indi susmamalıdır. Dövlət səviyyəsində həyata keçirilən işgəncə siyasətini durdurmaq üçün səsini qaldırmalıdır. Ya biz millət olaraq birgə səylərimizlə bu cinayətkar mexanizmi durdurmalıyıq, ya da susduqca sıra hamıya çatacaq,” AXCP sədri belə hesab edir.

Zaminə orada hər hansı təzyiq barədə xəbərlər həqiqətə uyğun deyil.
Ehsan Zahidov, DİN mətbuat xidmətinin rəhbəri


Bununla yanaşı, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Zamin Salayevin döyülməsi barədə xəbəri təkzib edib.

“Salayevin polislər tərəfindən döyülmə xəbəri uydurmadır. Bu, həqiqət olmayan xəbərləri o adamlar yayır ki, xalqı qorumaqla yox cinayətkarları müdafiə etməklə məşğuldur və bunu özlərinə peşə seçiblər. Onların dediklərin hamısı uydurmadır. Zamin Salayev paytaxtın Səbail rayonunda sərxoş vəziyyətində ictimai asayışı pozmağa yönəlik hərəkətləri edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə barəsində toplanmış matetiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub."

Ehsan Zahidov Zamin Salayevin saxlanılma şəraitinin yaxşı olduğunu deyib.

"Onun saxlandığı yer şəraitinə görə ən müasir tələblərə cavab verən saxlanma yeridir. Orada Salayev tək saxlanılmır, orada başqa həbs olunanlar var. Onların hamısına münasibət eynidir, lazımi qida, lazımi tibbi yardım təqdim olunur. Zaminə orada hər hansı təzyiq barədə xəbərlər həqiqətə uyğun deyil. Yəqin ki, özü həbsdən azad olunandan sonra əgər düz danışsa bunu təsdiqləyəcək".

DİN sözçüsü əlavə etdi ki, Zamin Salayev barəsində açılacaq cinayət işi ilə bağlı qabaqcadan heç nə deyə bilmir.

"Gələcəkdə nə olacağını bilmirəm. Mən bu günün reallığından danışıram ki, onların dedikləri hamısı uydurmadır," o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev yanvarın 13-də 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP-nin məlumatına görə, Zamin Salayev AXCP-nin digər iki fəalı, Ceyhun Novruzov və Nicat Abdullazadə ilə Səbail rayon ərazisində yerləşən kafelərdən birində saxlanılıb.

Nicat Abdullazadə və Ceyhun Novruzovun hər biri 50 manat cərimələnib.

Zamin Salayev isə Səbail rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilinərək, 30 sutka inzibati qaydada həbsə məhkum edilib.

AXCP hesab edir ki, Salayevin saxlanılmasının səbəbi Salyan rayonunun polisi barədə çəkdiyi video ilə bağlıdır.

XS
SM
MD
LG