Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 14 il ərzində ona xarici pasport verməkdən imtina etdiyinə görə Daxili İşlər Nazirliyini məhkəməyə verib. İşə Bakı İnzibati Məhkəməsində baxılacaq.
Əli Kərimli cavabdeh kimi Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini, həmçinin üçüncü şəxs kimi Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu cəlb edib.
2006-cı ildən Əli Kərimlyə pasport vermirlər və bildirirlər ki, 1994-cü ildə ona qarşı cinayət işi açılıb və indiyədək bağlanmayıb. Halbuki, bundan sonra iki dəfə parlamentin deputatı seçilib, dəfələrlə xarici pasport alıb, o cümlədən 2 dəfə diplomatik pasport alıb.
2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Əli Kərimliyə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) pozulduğunu tanıyıb, hökumət isə Strasburq Məhkəməsinin Böyük Palatasına apellyasiya verməyib.
Əli Kərimli İnzibati Məhkəmədən Daxili İşlər Nazirliyinin ona pasport verməsi barədə qərar çıxarmasını xahiş edir. İşə hakim Elvin Əliyevin sədrliyi ilə baxılacaq.