Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı saxlanılıb. Bu barədə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, AXCP üzvü Elnur Cabbarlı fevralın 3-də Abşeron Rayon Polis İdarəsi, Amil Məmmədzadə isə fevralın 4-də Suraxanı Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
“Fəalların siyasi fəaliyyətlərinə və sosial şəbəkələrdəki tənqidi statuslarına görə saxlanıldığını ehtimal edirik. Yanvarın 19-da keçirilən icazəli mitinqdən sonra 100-dən çox partiya fəalı polis şöbələrinə çağrılaraq xəbərdarlıq edilib. Bir neçə fəal isə inzibati qaydada cərimə olunub”.
Rəsmi qurumlar siyasi fəalların saxlanılması ilə bağlı hələ açıqlama verməyib.
2019-cu il yanvarın 19-da Milli Şuraya daxil olan siyasi partiyalar və ictimai qurumlar mitinq keçirib. Mitinqə hazırlıq ərəfəsində və mitinqdən sonra 50-dək fəal saxlanılıb. Onlardan 30-dan çoxu inzibati həbsə məhkum edilib, bir çoxlarına pul cərimələri kəsilib.