Bu gün, aprelin 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı həbs edilib.
AXCP-nin məlumatına görə, bu qurumun Suraxanı rayon şöbəsinin Hövsan qəsəbəsində yaşayan fəalı, 3 uşaq atası Arif Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə aparılıb.
“Babayevin facebook profilində AXCP sədri Əli Kərimli ilə bağlı paylaşım silinib. Suraxanı rayon Məhkəməsi hakim Ceyhun Qədimovun sədrliyi ilə Arif Babayevi İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1. maddəsi ilıə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) günahkar bilərək 30 sutka inzibati həbsə məhkum edib,” məlumatda deyilir.
AXCP-nin Xəzər rayon şöbəsinin üzvü, Binə qəsəbə sakini Əvəz Əhmədov isə günorta saatlarında iki nəfər mülki geyimli şəxs tərəfindən avtomobilə mindirilərək aparılıb. Xəzər rayon Məhkəməsinin qərarı ilə Əhmədov 20 sutka inzibati həbsə məhkum edilib.
Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.