Accessibility links

AXCP Rəyasət Heyətinin üzvü konstitusiya quruluşunu zorla dəyişmək ittihamı ilə həbs edilib


Əli Kərimli və Fuad Qəhrəmanlı

Bu gün, iyulun 24-də Bakını Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı barədə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə açılmış cinayət işi və əlavə olaraq Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə AXCP məlumat yayıb.

AXCP sədri Əli Kərimli bildirib ki, AXCP Rəyasət Heyətinin dünən həbs edilən üzvü Fuad Qəhrəmanlı barəsində 3 maddə ilə açılmış məlum cinayət işi üzrə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“Ona qədər eyni cinayət işi üzrə Rəyasət Heyətinin daha 3 üzvü - Asif Yusifli, Bəxtiyar İmanov və Ayaz Məhərrəmli barəsində həbs qətimkan tədbiri seçilib. Fuad bəylə AXCP-dən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib,” Kərimli bildirib.

AXCP sədrinin müavini Seymur Həzi AXCP funksionerlərinin həbsini “repressiya və dövləti dünyada biabır etmək” kimi qiymətləndirir.

“Azərbaycan Xalq Cəbhəsi dünyanın dörd bir yanında təqibə məruz qalan, əzilən azərbaycanın, azərbaycanlıların sözün bütün mənalarında ayrılmaz hissəsidir. Bu olayların birbaşa əlaqəsi var. Bu mütləq açılacaq. Biz belə çılpaq texnologiyaların fərqindəyik. Ancaq bir daha bilmək və yadda saxlamaq lazımdır ki, Xalq Cəbhəsi konkret adamlar çoxluğudur, amma həm də o deyil. O adamları tutmaqla onu sıradan çıxarmaq mümkün deyil. Bunu 11-ci qanlı ordu edə bilməyib. Heç kim də edə bilməz. Bizə atılan hər daş, bizi yaralayan hər daş demokratiya qalamızın ucalmasına xidmət edəcək!” AXCP sədrinin müavini qeyd edib.

AXCP 14 iyulda Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident üzrə qaldırılmış cinayət işi üzrə otuzdan çox fəalınlın saxlanıldığını bildirir.

Rəsmu qurumlar Fuad Qəhrəmanlının həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Fuad Qəhrəmanlının vəkili və ailə üzvləri də onun həbsinin səbəblıəri ilə bağlı açıqlama verməyib.

Bundan əvvəl, Fuad Qəhrəmanlı 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyatdan sonra həmin il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. O 10 il azadlıqdan məhrum edilib və 2019-cu il martın 16-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

2019-cu ilin oktyabrında Avropa İnsan Hüquqları Məhkəməsi Fuad Qəıhrəmanlının şikayətini təmin edib. Avropa Məhkəməsi hesab edib ki, dövlət onun konvensiya ilə təminat altına alınan azadlıq və toxunulmazlıq (maddə 5), ədalətli məhkəmə araşdırması (maddə 6) və ifadə azadlığı hüquqlarına müdaxilə edib.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Fuad Qəhrəmanlını “vicdan məhbusu” elan edib.

Fuad Qəhrəmanlı 2019-ci ilin oktyabrında AXCP-nin mitinqi öncəsi inzibati qaydada həbsə də məhkum edilib.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirlən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

Hüquq müdafiə təşkilatının həbslərlə bağlı araşdırması

“Müdafiə xətti” hüquq-müdafiə təşkilatınının araşdırmalarından məlum olur ki, iyulun 14-15-də orduya dəstək nümayişi ilə bağlı cinayət işi üzrə 29 nəfər həbs edilib.

Həbs olunanlardan 14 nəfəri Xalq Cəbhəsi Partiyasının, 1 nəfər Demokratiya və Rifah Hərəkatının, 2 nəfər Müsəlman Birliyi Hərəkatının, 1 nəfər Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlıər naziridir. Qalanları bitərəfdir.

Onlar Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların hamısı barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Aksiyanın daha üç iştirakçısı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması, yoluxucu xəstəliklərin yayılmasına səbəb olduqda) üzrə cəlb edilib.

Onların ikisi AXCP üzvü, biri isə AXCP üzvü Məmməd İbrahimin oğludur. Bu maddə üzrə maksimum cəza 3 il azadlıqdan məhrumetmədir.

Bundan əlavə, AXCP-nin 9 üzvü inzibati qaydada həbs edilib. Daha yeddi nəfər saxlanıldıqdan sonra sərbəst buraxılıb.

“Müdafiə xətti” təşkilatı həbs olunanların sayının daha çox ola biləcəyini istisna etmir.

Rəsmi qurumlar saxlanılanlar və həbs edilənlərin sayı ilə bağlı hələ məlumat yaymayıb.

“Müdafiə xətti" bu ilin iyulunda yaradılıb. İcraçı direktoru prokurorluğun keçmiş müstəntiqi və siyasi məhbus Rüfət Səfərovdur.

XS
SM
MD
LG