Azərbaycanm Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bu gün, iyulun 23-də Bakı vaxtı ilə saat 17 radələrində Abşeron rayonunun Qurtuluş qəsəbəsində (Mehdiabad qəsəbəsinin yaxınlığında) yaşadığı mənzildə olarkən polis tərəfindən saxlanılıb. O yalnız saxlanıldığı barədə məlumat yaza bilib. Sonra telefonuna zəng çatmayıb.
Bu barədə AXCP-nin məlumatında deyilir.
“Biz də Qəhrəmanlının haraya aparılması, hansı səbəbdən saxlanılmasını öyrənməyə çalışırıq,” AXCP-dən Amerikanın Səsinə deyiblər.
AXCP-nin məlumatına görə, Fuad Qəhrəmanlı 14 iyulda Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiyada iştirak etməyib.
AXCP-nin digər məlumatında isə deyilir ki, bu partiyanın fəalları Rəşid Turabov və Elnur Həsənov bu gün Bakının Binəqədi rayon Məhkəməsinin qərarı ilə İnziabti Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə günahlandırılaraq hər biri 30 sutka inzibati həbsə məhkum edilib.
Xatırladaq ki, AXCP son günlərdə azı 29 fəalının saxlanıldığını bildirir.
“Müdafiə xətti” hüquq-müdafiə təşkilatınının araşdırmalarından məlum olur ki, iyulun 14-15-də orduya dəstək nümayişi ilə bağlı cinayət işi üzrə 25 nəfər həbs edilib.
Həbs olunanlardan 9 nəfəri Xalq Cəbhəsi Partiyasının, 1 nəfər Demokratiya və Rifah Hərəkatının, 2 nəfər Müsəlman Birliyi Hərəkatının, 1 nəfər Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlıər naziridir. Qalanları bitərəfdir.
Onlar Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların hamısı barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Aksiyanın daha üç iştirakçısı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması, yoluxucu xəstəliklərin yayılmasına səbəb olduqda) üzrə cəlb edilib.
Onların ikisi AXCP üzvü, biri isə AXCP üzvü Məmməd İbrahimin oğludur. Bu maddə üzrə maksimum cəza 3 il azadlıqdan məhrumetmədir.
Bundan əlavə, AXCP-nin 9 üzvü inzibati qaydada həbs edilib. Daha yeddi nəfər saxlanıldıqdan sonra sərbəst buraxılıb. Daha bir nəfərin statusu hələ aydın deyil.
“Müdafiə xətti” təşkilatı həbs olunanların sayının daha çox ola biləcəyini istisna etmir.
Rəsmi qurumlar saxlanılanlar və həbs edilənlərin sayı ilə bağlı hələ məlumat yaymayıb.
“Müdafiə xətti" bu ilin iyulunda yaradılıb. İcraçı direktoru prokurorluğun keçmiş müstəntiqi və siyasi məhbus Rüfət Səfərovdur.