Accessibility links

AXCP sədrinin müşavirinin məhkəməsi davam etdirilib


Dekabrın 25-də Bakının Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiaysının (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Cəzasının başa çatmasına bir gün qalmış İbrahimə qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanılması ittihamı irəli sürülüb, bu ittihamla onu əlavə olaraq 6 aya qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi İbrahim barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Məmməd İbrahimin işi üzrə məhkəmə təhqiqatı Suraxanı Rayon Məhkəməsində aparılır. Dekabrın 4-də cəzaçəkmə müəssisəsi əməkdaşlarından 5 şahid dindirilib. Amma üç hal şahidi prosesdə iştirak etməyib.

Dekabrın 25-də işdə hal şahidi kimi iştirak edən şahidlər yenə iclasa gəlməyiblər. Onlar 16 saylı cəzaçəkmə müəssisəsinin keçmiş məhbuslarıdır.

Onların ikisi artıq azadlıqdadır, bir nəfər Quba rayonunda məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

AXCP sədri Əli Kərimlinin hazırda üç müavini, iki müşaviri və partiyanın digər ondan çox fəalı müxtəlif ittihamlarla həbsədədir.
AXCP-nin məlumatından

Hakimin sözlərinə görə, şahidlərin qeydiyyatda olduqları yerlərə bildiriş göndərilib, amma onları həmin ünvanlarda yaşamadıqları məlum olub. Üçüncü şahidin gətirilməsi isə cəzasını çəkdiyi müəssisə tərəfindən təmin edilməyib.

Vəkillər Məmməd İbrahimə guya məhbuslar arasında hökumət əleyhinə təbliğat aparması və islamın vəhhabilik qoluna itaət etməsi haqqında xasiyyətnamə vermiş 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Emil Şıxəliyevin gətirilməsi barədə vəsatət qaldırıblar.

Vəkil Nazim Musayev həmçinin İbrahimin qəsdən cinayət törətməkdə ittiham olunduğunu, amma qanunun tələb etdiyi kimi ittiham aktında onun niyyətinin səbəblərinin göstərilmədiyini qeyd edib.

Amma hakim Şıxəliyevin verdiyi xasiyyətnaməni oxuyub, onun məhkəməyə çağırılması haqqında vəsatəti təmin etməyib.

O, bunu xasiyyətnamənin ittihamın mahiyyəti ilə əlaqəsi olmaması ilə əsaslandırıb.

Məhkəmə iclası qalan şahidlərin gəlməsini təmin etmək məqsədilə 2019-cu il yanvarın 8-nə qədər təxirə salınıb.

AXCP-nin məlumatına görə, partiyanın sədri Əli Kərimlinin hazırda üç müavini, iki müşaviri və partiyanın digər ondan çox fəalı müxtəlif ittihamlarla həbsdədir.

XS
SM
MD
LG