Accessibility links

AXCP sədrinin müavini pasport ala bilmir


Gözəl Bayramlı

“Səhhətimdəki çox ciddi problemlər səbəbi ilə müalicə məqsədilə ölkədən çıxmaq zərurəti yaranıb. Buna görə pasport almaq üçün lazımi sənədləri Bakının Bakıxanov qəsəbəsində yerləşən Asan Xidmətə təqdim edib, dövlət rüsumunu ödəmişəm. Bu gün saat 15-də pasportumu götürmək üçün yaxınlaşanda mənə dedilər ki, sənə pasport verilməyəcək, çünki imtina cavabı gəlib. Səbəbini isə izah edə bilmədilər.”

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı facebook səhifəsində yazıb.

Bayramlı İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovaya müraciət edərək sual edir ki, “hakimiyyətin məndən nəyin qisasını aldığını öyrənib Azərbaycan ictimaiyyətinə məlumat verə bilərmi? Və bu qisasçılıq nə vaxtacan davam edəcək?!”

AXCP sədrinin müavini Amerikanın Səsinə bildirib ki, vəkili ilə məsləhətləşəndən sonra məhkəməyə və digər uyğun strukturlara müraciət edəcək.

“Bunu siyasi fəaliyyətimə görə düşünülmüş qisasçılıq kimi qiymətləndirirəm. Yuxarıdan gələn göstəriş əsasında mənə pasport verilmir. Həbsdən çıxan dostlarımızın hamısı pasport alıb,” o qeyd edib.

Rəsmi qurumlardan AXCP sədrinin müavininin məlumatına şərh almaq mümkün olmayıb.

AXCP sədri Əli Kərimli də 2006-cı ildən pasport ala bilmədiyini bildirir. Onun şikayəti Avropa İnsan Hüuqları Məhkəməsi tərəfindən təmin edilsə də Kərimli inidyədək pasport ala bilmədiyini deyib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi açıqlamada iddia olunur ki, Gürcüstandan qayıdarkən Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu ittihamla o, Qazax Rayon Məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrum edilib.

Bayramlı ittihamı qəbul etmir. Məhkəməsində də deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

AXCP sədrinin müavini bu il martın 16-da prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.

XS
SM
MD
LG