Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı oktyabrın 7-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
AXCP-dən Amerikanın Səsinə verilən məlumata görə, sədr müavini xərçəng xəstəliyindən uzun müddətdir əziyyət çəkirdi.
Gözəl Bayramlı Azərvaycan Milli Azadlıq Hərəkatının fəallarından idi. O,keçmiş siyasi məhbus olub. Gözəl Bayramlını 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana qayıdarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlamışdı.
Onun barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb və haqqında həbs qətimkan tədbiri seçilmişdi. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi.
2019-cu ilin martında Gözəl Bayramlı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Gözəl Bayramlı həbsini sifariş adlandırırdı.