Accessibility links

AXCP sədrinin müavininin azyaşlı qızı fiziki təzyiqə məruz qalıb


Fuad Qəhrəmanlının ailəsi
Fuad Qəhrəmanlının ailəsi

Aprelin 17-də müxalifətdə olan Azərbaycan Xaql Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və yazıçı, hüquq müdafiəçisi Zümrüd Yağmurun 14 yaşlı qızı Sənay Bakıda, Elmlər Akademiyası metro stansiyasının qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs azyaşlı qızın qarşısını kəsib, ona qarşı fiziki zorakılıq edib, özünü və ailəsin təhqir edib.

Bu hadisə Sənay Qəhrəmanlının 162 nömrəli tam orta məktəbin intihara cəhd nəticəsində dünyasını dəyişmiş şagirdinin hüquqlarını müdafiə məqsədi ilə aksiya təşkil etməsindən bir neçə gün sonraya təsadüf edir.

Sənay Qəhrəmanlının təzyiqə məruz qalması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə iştirakçıları Sənay Qəhrəmanlıya hücum edən şəxsin iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvü Tural Gəray oğlu Qarayevin olduğunu bildirir. Sosial şəbəkələrdə onun Sənay Qəhərmanlıya hücum etməsini əks etdirən video da yayılıb.

Bunun qarşısı təcili alınmalıdır. Bu sizin vəzifə borcunuzdur. Ölkədə anarxiyadır, özbaşınalıqdır.
Osman Kazımov, vəkil

Çoxsaylı sosial şəbəkə Iştirakçıları hücum edən şəxsin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir

“O adam cinayət məsuliyyətinə alınaraq cəzalandırılmalıdır. O şəxsin hərəkətləri ölkədə sabitliyin pozulmasına, siyasi ayrıseçkilikdən doğan zorakı qarşıdurmalar yaranmasına yönəlmişdir. Bunun qarşısı təcili alınmalıdır. Bu sizin vəzifə borcunuzdur. Ölkədə anarxiyadır, özbaşınalıqdır,” vəkil Osman Kazımov bu müraciətlə facebook səhifəsində hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.

Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli facebook səhifəsində yazır ki, AXCP sədr müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızının atası müxalifətçi olduğuna görə döyülməsi faktı araşdırılmalı və günahkar ciddi cəzalandırılmalıdır.

“Belə addımlara sövq edən hərəkətlərə yol verilməsi çox təhlükəlidir və bu işi təşkil edənləri şiddətlə qınayıram!” o qeyd edib.

Xatırladaq ki, martın 16-da keçmiş siyasi məhbus Qiyas İbrahimov Bakı şəhər Baş Polis İdarəsinin rəisi tərəfindən küçədə təzyiqə məruz qala bilməsi ehtimalı barədə xəbərdarlıq edildiyini bildirib. O Bakı şəhər Baş Polis İdarəsinin rəisi tərəfindən qəbul edildikdən sonra jurnalistlərə bunları deyib: “Məsləhət görürlər ki, təhqir etmisən, bunu boynuna al. Bundan sonra belə olmasın, təhqir yazma. Təhqir olsa prezidentin o qədər azarkeşləri, fanatları, sevənləri var ki, səhərisi gün küçədə gedəndə onlardan biri çəkib sənə sözünü demək istəyəndə, səni başa salmaq istəyəndə, onda, başa düş ki, onu da sevənlər var. Dedilər onda ona görə bura gəlmə. Küçədə prezidenti sevənlərdən biri çağırıb səndən hesabat istəyə bilər. Dedim ki, sübut edin, təhqir etmişəm? 1984-cü ildə yaşayırıq. Fikirlərimizi oxuyurlar, bunu yazanda nə deməık istəyirik. Məsləhət verdilər, ağıllı ol,” İbrahimov qeyd edib.

Hüquq mühafizə orqanları hələ hadisə ilə bağlı şərh verməyib.

XS
SM
MD
LG