Accessibility links

AXCP sədrinin mühafizəçisinin istintaqı yekunlaşıb


Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun cinayət işi üzrə istintaq yekunlaşıb.

Bu barədə Niyaməddin Əhmədovun atası Arif Əhmədov məlumat verib.

O bildirib ki, cinayət işi yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

İstintaqın sonunda Əhmədovun üzərində CM-in 214-1 (terrorçuluğu maliyyələşdirmə), 233-1.2.1 (bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 28.281 (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) maddələri ilə ittihamlar saxlanılıb.

İstintaq yekunlaşdıqdan sonra Əhmədovun vəkili vəsatət verərək onun məhkəmə hökm çıxarana qədər ev dustaqlığına buraxılmasını istəyib. Vəsatətə fevralın 8-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahov baxıb və təmin etməyib.

Niyaməddin Əhmədov ötən ilin mayından Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə həbsdə saxlanılır.

Əhmədova qarşı cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Vəkil Niyaməddin Əhmədova indiyədək telefon danışığından istifadə etməyə imkan verilmədiyini bildirib.

“Bununla bağlı Sabunçu rayon Məhkəməsi şikayətimi qəbul etmir. Bakı Apellyasiya Məhkəməsi də Sabunçu rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb,” vəkil qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Əhmədova qarşı irəli sürülən yeni ittihamları və əvvəl irəli sürülmüş terroru maliyyələşdirmə ittihamı kimi əsassız və absurd hesab edir.

"Bu cür üsullarla Niyaməddin Əhmədovdan, AXCP-dən, partiyanın sədri Əli Kərimlidən qisas almaq məqsədi güdürlər. Milli Şuranın 2019-cu il oktyabrın 19-da keçirdiyi mitinqdə Əli Kərimli həbs olunan ana qədər Niyaməddin Əhmədov onun yanında olub. Ondan bunun qisasını alırlar. AXCP-yə və Əli Kərimliyə qarşı qisasçılıq, repressiyalar illərdir davam edir," AXCP bildirib.

Niyaməddin Əhmədovun atası Arif Əhmədov ilk dəfə yanvarın 19-da oğlu ilə görüşüb.

"Görüşümüz yarım saat oldu. Niyaməddin təqsirsiz olduğunu bildirdi. Dedi ki, heç bir cinayət törətməyib, ittihamda yazılanlar doğru deyil. Biz bilirik ki, bu işin əvvəlində ona nə qədər işgəncələr veriblər, olmayan şeyləri boynuna qoymaq istəyiblər. Yalan cinayət işi düzüb-qoşublar," o qeyd edib.

Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, "Məmmədovun hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

AXCP fəalının həbsi prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edib.

AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğun maliyyələşdirilməsi kimi "ağır, gözlənilməz cinayətdə ittihamı sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir".

Ötən il noyabrın 19-da Bakının Nəsimi rayon Məhkəməsi Niyaməddin Əhmədovun barəsində seçilmiş həbs qətimklan tədbirinin müddətini 2021-ci il aprelin 23-dək daha beş ay uzadıb.

XS
SM
MD
LG