Accessibility links

AXCP sədrinin mühafizəçisinin məhkəməsi davam edir, zərərçəkənlər məhkəməyə gəlmir


Martın 3-də Bakının Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Əmirovun barəsində Cinayət Məcəlləsinin 5 maddəsi üzrə cinayət işi başlanıb. O, polisin nəzarətinə verilib.

Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 - (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Ruslan Əmirov Amerikanın Səsinə deyib ki, dinc aksiyada iştirak edib, ancaq hər hansı qanunsuz hərəkətə yol verməyib.

“Mənə qarşı olan ittihamda 22 nəfər zərərçəkən və şahid var. Mən onları tanımıram, onlar da məni tanımır. Məhkəməyə də gəlmirlər. Gəlsinlər görüm kimə zərər vurmuşam? İttiham aktında Milli Məclisin dağıdılması, avtobusların aşırdılması, şkafların aşırdılması, televizorların sındırılması, belə-belə şeylər yazılıb. Mən ittihamın heç birini qəbul etmirəm. Çünki orada olmamışam. Mən yürüşüdə iştirak etmişəm, amma Milli Məclisdə olmamışam. Mən də istəyirəm ki, Milli Məclisin, dövlət obyektinin dağıdlmasında əli olanlar cəzalandırılsın,” o Amerikanın Səsinə deyib.

Vəkil Bəhruz Bayramov da cinayət işində Ruslan Əmirovun təqsirini sübuta yetirəcək hər hansı bir dəlilin olmadığını deyib.

“İstintaqın məhkəmədə hansı sübutlarla ittihamı müdafiə edəcəyi mənə aydın deyil. İttihamı absurd hesab edirəm. İttiham tərəfi düşünsün ki, məhkəmədə hansı faktlarla ittihamı sübut edəcək? Ruslan Əmirova özgə əmlakını qəsdən məhv etmək ittihamı da veriblər. Bir epizodda 76 730 manat ziyan qoyublar. Amma onu sübut edəcək bir fakt belə yoxdur. Hətta, Əmirovun hansısa əmlaka yaxınlaşması barədə belə hər hansı fakt yoxdur,” vəkil Amerikanın Səsinə deyib.

AXCP-nin məlumatına görə, ötən il iyulun 14-15-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra siyasi sifarişlə bu partiyanın 45 fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG