Accessibility links

AXCP sədrinin mühafizəçisinin məhkəməsi davam etdirilib


Bu gün, fevralın 8-də Bakının Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun cinayət işi üzrə hazırlıq iclası davam edib.

Məhkəməyə şahidlərdən yalnız bir nəfər gəlib. Digər şahidlər gəlmədiyindən proses fevralın 10-dək təxirə salınıb.

Əmirovun barəsində Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi başlanıb. O, polisin nəzarətinə verilib.

Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 - (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Ruslan Əmirov Amerikanın Səsinə deyib ki, dinc aksiyada iştirak edib, ancaq hər hansı qanunsuz hərəkətə yol verməyib.

“Mənə qarşı qaldırılan cinayət işi siyasidir. Mən hər hansı qanunsuz hərəkətə yol verməmişəm. Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə aksiyada iştirak etmişəm və indi də Azərbaycan Ordusunu dəstəkləyirəm,” o bu gün məhkəmədən sonra Amerikanın Səsinə deyib.

AXCP-nin məlumatına görə, bu ilin iyulun 14-15-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra bu partiyanın 45 fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

Siyasi Məhbusların və İşgəncə Qurbanlarının Müdafiəsi Mərkəzi hesab edir ki, Ruslan Əmirova qarşı qaldırlan cibnayət işi siyasi fəaliyyəti ilə əlaqəlidir və siyasi təzyiq xarakteri daşıyır.

“Hakimiyyət orqanlarını siyasi təqibi dayandırmağa və saxta məhkəmə şoularına son qoymağa çağırırıq,” Siyasi Məhbusların və İşgəncə Qurbanlarının Müdafiəsi Mərkəzi bildirir.

XS
SM
MD
LG