Accessibility links

AXCP sədrinin mühafizəçisinin məhkəməsi davam etdirilib


Niyaməddin Əhmədov və Əli Kərimli 19 oktyabr aksiyası zamanı

Bu gün, sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Zibeydə Sadıqova inzibati həbs olunanların saxlanılma yerinin video görüntülərinin alınması, bəzi sənədlərin tam mətninin iş materialına əlavə edilməsi barədə vəsatət verib. Sədrlik edən vəsatətləri təmin etməyib.

Vəkil bildirib ki, növbəti məhkəmə prosesində sənədlərin tədqiqinə başlanılacaq.

Növbətə məhkəmə iclası sentyabrın 8-nə təyin edilib.

Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, "Məmmədovun hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib, həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

Baş Prokurorluq ittihamın ibtidai istintaqda sübut olunduğunu bildirir.

Əhmədovun həbsi prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edib.

AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğun maliyyələşdirilməsi kimi "ağır, gözlənilməz cinayətdə ittihamı sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir."

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG