Accessibility links

Saxlananların hamısının buraxıldığı deyilir


Rüfət Səfərov

Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edən bir qrup fəalından saxlananların hamsının sərbəst buraxıldığı deyilir.

Saxlanıb buraxılanların arasında reportyorlar Aysel Umudovanın, Zərifə Novruzun və hüquq müdafiəçisi Rüfət Səfərovun da olduğu vurğulanır. Rüfət Səfərovun aksiyanın monitorinqini apararkən saxlandığı qeyd edilir.

Bu barədə Azadlıq Radiosuna Xəzər rayonun 3-cü Polis Bölməsinin qarşısında gözləyən fəallar məlumat veriblər.

Hələlik, bu məlumatı 3-cü Polis Bölməsinin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup fəalı Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Onlar həbsdə olan AXCP üzvü Niyaməddin Əhmədova azadlıq tələb ediblər.

Aksiya iştirakçıları əlllərində Niyaməddin Əhmədovun, habelə, həbsdə olan digər cəbhəçi Zamin Salayevin şəkillərini tutub "Siyasi məhbuslara azadlıq!", "İstefa" şuarları səsləndiriblər.

"Biz bura 13 gündür aclıq edən Niyaməddin Əhmədovun azadlığa buraxılması tələbi ilə bağlı gəlmişik", deyə aksiya iştirakçıları vurğulayıblar.

Əraziyə gələn polis əməkdaşları aksiya iştirakçılarına koronavirus pandemiyası ilə əlaqədar 5 nəfərdən artıq toplaşmağa icazə verilmədiyini və ərazini tərk etmək lazım olduğunu bildiriblər.

Daha sonra isə aksiya iştirakçılarının bir neçəsi polis maşınlarına otuzdurularaq naməlum istiqamətə aparılıb. Saxlanılanların arasında bəzi reportyorlar və hüquq müdafiəçilərinin də olduğu deyilir.

DİN-dən deyilənlər…

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan” agentliyinə bildirib ki, saxlanılan yoxdur, orada iştirak edənlərin ərazidən uzaqlaşdırılması təmin edilib.

Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirilib ki, saxlanılanlar, hələ də buraxılmayıblar və Xəzər rayonun 3-cü Polis Bölməsindədirlər.

Son günlər Niyaməddin Əhmədov və bir sıra siyasi məhbus sayılan şəxslərin müdafiəsi ilə bağlı müxtəlif aksiyalar keçirilir.

Amma rəsmilər ölkə həbsxanalarında siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyir ki, siyasi məhbus adlandırılanlar sırf törətdikləri əmələ görə mühakmə ediliblər.Üstəlik, Niyamətddin Əhmədovun aclıq aksiyası keçirməsini də rəsmi qurumlar, hələlik, təsdiqləməyiblər.

Xatırlatma

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühavizəçisi olduğu söylənən Niyaməddin Əhmədov ötən il həbs edilib. Ona qarşı cinayət məcəlləsinin (CM) 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış Qabil Məmmədovla əlaqədə ittiham olunur.

Həm AXCP, həm də Məmmədov ittihamı rədd ediblər.Prokuror məhkəmədə ona 15 il həbs cəzası verilməsini istəyib.

Zamin Salayev isə 2020-ci ildə 2 il 3 ay azadlıqdan məhrum olunub. O, Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib.

Bir müddət öncə Salayev sosial şəbəkədə video yayaraq Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb.

Bundan sonra Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.Məhkəmə polis kapitanının şikayətini təmin edib.
Newest

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG