Accessibility links

Ayda qasırğası Luizianada bir milyondan çox sakini işıqsız qoyub


Nyu Orleanın qərbində yerləşən LaPlas bölgəsi
Nyu Orleanın qərbində yerləşən LaPlas bölgəsi

Luiziana ştatı Nyu Orlean şəhərinin meri Ayda qasırğası ərəfəsində evakuasiya edilən sakinləri güclü fırtınanın şəhəri işıqsız qoyması səbəbindən geri dönməməyə çağırıb.

4-cü kateqoriyaya aid Ayda qasırğası Nyu Orleanı suyun altında qoymasına, 1800 insanın ölümünə və minlərlə insanın çıxılmaz vəziyyətdə qalmasına səbəb olan Katrina qasırğasından 16 il sonra saatda 240 kilometr sürətlə əsən küləklə Luiziana sahillərini vurub.

Rəsmilər 2005-ci il fəlakətindən sonra Nyu Orlean ətrafında qurulan 14.5 milyard dollarlıq yeni sədd sisteminin Ayda qasırğasına tab gətirdiyini və Missisipi çayının sularının yenidən şəhərə dolmasının qarşısını aldığını bildirib. Buna baxmayaraq qasırğa Nyu Orlean və qonşu Mississippi ştatı da daxil olmaqla, Luiziana ştatında bir milyondan çox sakini işıqsız qoyub.

Yerli enerji kommunal şirkəti şəhəri təmin edən səkkiz elektrik ötürücü xəttinin hamısının sıradan çıxdığını, qüllələrdən birinin Missisipi çayına düşdüyünü bildirib. Rəsmilər elektrik enerjisinin tam bərpasının günlər, hətta həftələr çəkə biləcəyini deyib.

Sinoptiklərin bu həftənin sonlarında temperaturun 32 dərəcəyə qədər yüksələ biləcəyi barədə xəbərdarlığından sonra insanların şiddətli istilər nəticəsində xəstələnə biləcəyi ilə bağlı narahatlıqlar artıb.

Nyu Orleanın təxminən 55 kilometr qərbində yerləşən LaPlas kimi bir çox ətraf bölgələrdə vəziyyət daha da pis olub. Aydanın güclü yağışlar səbəbindən bazar ertəsi şəhərin küçələrini su basıb və bir çox sakin evlərində ilişib qalıb.

Bir qrup könüllü LaPlas və digər kiçik şəhərlərdəki evlərdə ilişib qalan sakinləri xilas etmək üçün motorlu qayıqlarla su basmış küçələrdə axtarış aparıb.

XS
SM
MD
LG