Accessibility links

Avropa qurumu Azərbaycan Beynəlxalq Bankının 'dərhal' özəlləşdirilməsinə çağırır


AYİB-nin hesabatı
AYİB-nin hesabatı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə 2018-1919-cu illər üçün keçid hesabatını açıqlayıb. Hesabatda üç prioritet üzrə bank sektorunun islahatına dair təkliflər var.

AYİB bir daha dövlətin Azərbaycan Beynəlxalq Bankında olan payını dərhal özəlləşdirilməyə çağırır.

"Bank sektorunun yenidən strukturlaşdırılmasını başa çatdırmaq üçün qətiyyətli addımlar atılmalıdır. Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi bank sektorunda risklərin azaldılmasının əsas prioritetlərindən biridir və dərhal həyata keçirilməlidir" deyə sənəddə vurğulanır.

Bank sektorunun yenidən strukturlaşdırılmasını başa çatdırmaq üçün qətiyyətli addımlar atılmalıdır.

AYİB vergi inzibatçılığında islahatlar niyyətini dəstəkləyir, maliyyə tənzimləyicisinin müstəqilliyini və fəaliyyətini gücləndirməyə çağırır. Bundan əlavə, sənəddə deyilir ki, Azərbaycan hökuməti yeni yaradılan dövlət orqanlarında fəaliyyətin şəffaflığı və səmərəliliyinin təmin edilməsi üçün lazımi addımlar atmalıdır.

Azərbaycan hökuməti ABB-nin özəlləşdirilməsinə 2015-ci ildə başlayıb. O vaxtdan bank bir neçə dəfə böhran dövrü yaşayıb. 2015-ci ilin əvvəlində bank, demək olar ki, ödəniş qabiliyyətini itirib.

Dövlət tərəfindən bankın sağlamlaşdırılaraq özəlləşdirlməyə çıxarılması üçün təxminən 14 milyard manat məbləğində vəsait ayrılıb. Lakin, indiyədək bank özəlləşdirlməyə çıxarılmayıb. Dövlətin ABB-dəki payı 91%-dən çoxdrur.

Beynəlxalq Bank
Beynəlxalq Bank

Beynəlxalq Bank Cənubi Qafqazda ən böyük bank hesab olunurdu. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib.

Bank 2017-ci ilin mayında $ 3.3 milyard dollar öhdəliklərinin olduğunu bildirib.

Bununla yanaşı, Hacıyevin həbsindən sonra bank qarşısında yüz milyonlarla dollar problemli öhdəlikləri olan iş adamlarının olduğu məlum olub. Həmin şəxslərin bir çoxu istintaqa cəlb edilib.

2018-ci ildə isə beynəlxalq mediada azərbaycanlı bankirin Britaniyada yaşayan xanımı Zamirə Hacıyevanın şəxsi təyyarədən istifadə etdiyi, bahalı şərablar aldığı, 2010-2016-cı illərdə ona və ailə üzvlərinə verilən bankın 35 kredit kartından istifadə edərək, lüks dükanlarda son 10 ildə 16 milyon funt - yəni 21 milyon dollardan çox pul xərclədiyi barədə məlumatlar dərc olunub.

Zamirə Hacıyeva və Cahangir Hacıyev
Zamirə Hacıyeva və Cahangir Hacıyev

Zamirə Hacıyeva Britaniya mediasında həmin ölkədə korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi kimi təsvir olunur.

Onun təkcə bir gündə zərgərlik dükanında 200 min dollara yaxın pul xərclədiyi, 55 milyon dollara şəxsi təyyarə aldığı da bildirilir. Sadalanan məbləğlər məhkəmədə üzə çıxanların hamısı deyil.

Zamirə Hacıyeva ilə bağlı araşdırma “İzahedilməmiş Sərvət Sərəncamı” adlı qanun layihəsinin qəbulundan sonra başlanıb.

XS
SM
MD
LG