Accessibility links

Aykan Erdemir: Türkiyə-Rusiya dialoqu Dağlıq Qarabağın gələcəyi üçün önəmlidir


Aykan Erdemir: Türkiyə-Rusiya dialoqu Dağlıq Qarabağın gələcəyi üçün önəmlidir
please wait

No media source currently available

0:00 0:12:26 0:00

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğan bu həftə telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər. Telefon söhbəti zamani Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişədə gərginliyin azaldılmasına konstruktiv töhfə verə biləcəyinə ümid ifadə edilib. Bir sıra ekspertlər Putin və Ərdoğan arasında müzakirələrin Dağlıq Qarabağ ətrafinda vəziyyətin növbəti səviyyəyə çatdığına işarə olduğunu bildirir.

“Türkiyə və Rusiya arasında müzakirələr həqiqətən də Dağlıq Qarabağın gələcəyi üçün önəmlidir. Çünki Türkiyə Minsk Qrupunun 28 ildir münaqişənin nizamlanması istiqamətində mühüm irəliləyiş olmadığını düşünür. Beləliklə də Ankara yeni bir kanalın açılmasını düşünür”, Demokratiyaların Müdafiəsi Fondunun Türkiyə proqramlarının direktoru Aykan Erdemir Amerikanın Səsinə bildirib.

Ermənistan və Azərbaycan arasında sentyabrın 27-də 1990-cı illərdən bəri ən ciddi hərbi toqquşmalar hesab edilən intensiv hərbi əməliyyatların başladığı vaxtdan Türkiyə və Rusiya münaqişədə qarşı tərəfləri dəstəkləyir. Böyük güc və NATO üzvü olan Türkiyə Azərbaycana siyasi dəstəyini bildirib. Bölgədə dominant oyunçu olan Rusiya Ermənistanın strateji müttəfiqidir. Təhlilçilərin bir hissəsi Rusiya və Türkiyənin Cənubi Qafqazda maraqlarının toqquşmasına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsində Qərbin, xüsusilə də ABŞ-ın qeyri-aktivliyi fonunda diplomatik boşluğu doldura bilməsinin mümkünlüyünü qeyd edir.

Aykan Erdemirin bildirdiyinə görə, Moskva və Ankaranın fikirləri üst-üstə düşməsə də, təkcə Suriya deyil, Liviyada da vəziyyətin tənzimlənməsində Rusiya və Türkiyə arasında “ikili mexanizm” mövcuddur.

“Hesab edirəm ki, Türkiyə Rusiya ilə Dağlıq Qarabağla da bağlı buna bənzər ikili kanal açmaq istəyir”, Aykan Erdemir bildirib.

Region üzrə beynəlxalq ekspertlər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş münaqişə” vəziyyətində qalmasında maraqlı olduğunu qeyd edir. ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə keçmiş müşaviri Pol Qobl Amerikanın Səsinə verdiyi müsahibədə Rusiyanın tərəfləri “manipulyasiya edə bilmək üçün münaqişənin davam etdiyinə əmin olmaq istədiyini”, Rusiya prezidenti Vladimir Putinin “tərəflərin heç birinin qalib gəlməməsini təmin etmək üçün uzun müddətə hazırlanmış bir rol oynadığını” bildirib.

Aykan Erdemir Rusiyanın hazırkı durumda təkcə Ermənistan hökuməti deyil, həm də Türkiyə və Azərbaycana təsir gücünü artırmaq üçün bir imkan əldə etdiyini deyib. O, prezident Putinin Rusiya sülhməramlılarının regionda yerləşdirilməsi təklifinə toxunaraq, bu addımın Rusiyanın Cənubi Qafqazda təsirini artıracağını deyib.

Aykan Erdemirin fikrincə, Rusiya eyni zamanda "28 il ərzində əsaslı inkişafa nail olunmasa da ikitərəfli Türkiyə-Rusiya prosesinin də buna əlavə edilə biləcəyi ehtimalı” ilə Minsk prosesinə sadiq qalmağa davam edəcək. “Bu da yenə də Rusiyaya NATO-nun əsas müttəfiq ölkəsindən biri olan Türkiyə ilə daha yaxın əlaqələr qurmaq üçün bir imkan verir”, o bildirib.

Türkiyənin Suriyada vətəndaş müharibəsi və Liviyada davam edən hərbi əməliyyatlara müdaxiləsindən fərqli olaraq, Türkiyə prezidenti Ərdoğanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyi olduqca geniş ictimai dəstəyə malikdir.

“Bu, Ərdoğan üçün bu həm daxili siyasətdə bir qələbə məsələdir...Prezident Ərdoğanın Azərbaycana siyasi, diplomatik, iqtisadi və hərbi dəstəyini davam etdirəcəyini gözləyirəm”, Aykan Erdemir bildirib.

Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edilməsinə baxmayaraq, Azərbaycan və Ermənistan qüvvələrinin təmas xəttində ağır döyüşlər davam etdirilir. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həftə Dağlıq Qarabağda son durumla bağlı açıqladıqları birgə bəyanatda Azərbaycan və Ermənistanı atəşkəsə əməl etməyə çağırıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG