Accessibility links

Araşdırmaçı jurnalist prokurorluqda ifadə verib


Aynur Imranova
Aynur Imranova

Aynur İmranova bir sıra yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi üzrə şahid qismində ifadə verib

Bu gün araşdırmaçı jurnalist Aynur İmranova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə verib. Bu barədə Aynur İmranovanın özü Amerikanın Səsinə bildirib.

Ondan istintaq sirrini yaymamaq barədə iltizam alıblar. Bu səbəbdən də geniş məlumat verməyib. “Məndən əsasən “İnternational Media Support” təşkilatından aldığım qonorar, vergi verib-vermədiyim barədə ətraflı və detallı soruşdular. Bunlar əsasən jurnalist fəaliyyətim ilə bağlı idi. Yerli və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri ilə bağlı qaldırılmış cinayət işi üzrə ifadəmi aldılar”, o qeyd edib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bir sıra yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları faktı üzrə Cinayət Məcəlləsinin 308.1(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Belə ki, bank İmranovanın Danimarka Krallığının “İnternational Media Support” təşkilatından hesabına köçürülmüş 1683 avro məbləğində pulu verməyib. İstintaq bunu həmin məbləğin sözügedən cinayət işinin predmeti ola biləcəyi ilə əsaslandırıb. Bu səbəbdən İmranovanın bank hesablarına həbs qoyulub.

O həmçinin istintaqda ifadə verərkən təzyiqə məruz qalmadığını deyib. Müstəntiq jurnalistin bank hesablarının nə vaxt açılacağı və ölkəni tərk edə biləcəyi ilə bağlı məlumat verməyib.

”Bunlarla bağlı iyunun 5-dək mənə məlumat verəcəklər”, o qeyd edib.

Bununla yanaşı hansı QHT-lərə qarşı cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən məlumata almaq mümkün olmayıb.
XS
SM
MD
LG