Accessibility links

Ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb İranda dinc müxalifətə qarşı repressiyaları pisləyib


Ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb İranda dinc müxalifətə qarşı repressiyaları pisləyib
Ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb İranda dinc müxalifətə qarşı repressiyaları pisləyib

Ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb İran ordusunu iqtidarı deyil, xalqı qorumağa çağırıb. “Misir ordusu və hərbçiləri xalqın hörmət və ehtiramını qazanıb. Çünki, Misir ordusu xalqı qoruyur”.

İran İslam Respublikası Üləmalar Məclisinin üzvü ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb jurnalistlərə açıqlamasında ölkədə dinc müxaliflərə qarşı repressiyaları pisləyib. Bu barədə “Media forum” saytı məlumat yayıb.

Saytın məlumatına görə, İranda ədalətsizlik və qanunsuzluğun baş alıb getdiyini bildirən ayətullah Dəstqeyb deyib ki, hazırda ölkəni bir qrup şəxsin mənafeyinə qulluq edən hərbçilər idarə edir: “Heç bir ağıllı insan zülmə tərəfdar çıxmaz, zülmə laqeyd qalmaz. Zülm qarşısında susmamaq və zülmə məruz qalmış insanların haqqını tələb etmək din alimlərinin borcudur. Zülmün, şəriətə zidd halların qarşısında susan din aliminin, ruhaninin ədalətinə və əməlinə şübhə ilə yanaşmaq lazımdır. 22 aydan çoxdur ki, ölkə hərbi yolla idarə olunur və hərbçilərin hegemonluğu altındadır. Bu vəziyyətdən nə xalq razıdır, nə də rejimi qorumaq üçün hər an küçələrə çıxarılan hərbi qüvvələr. Bu, ağıllı üsul deyil.

Dövlət radiosu və televiziyası xalqı nəzərə almadan yalnız yuxarıda əyləşənlərin hökmünü icra edir, ona-buna böhtan atır. Böhtana məruz qalanlara isə özlərini müdafiə etmək imkanı verilmir. İran İnqilab Keşikçiləri Korpusu (Sepah) yalnız müəyyən bir qrupun mənafeyini qoruyur və ona dəstək verir. Bu, xalqa bəllidir”.

Ayətullah ordunu iqtidarı deyil, xalqı müdafiə etməyə çağırıb.

“Ordu və digər hərbi qüvvələrin yeganə vəzifəsi və borcu ölkə ərazisini, eləcə də xalqın canını, namusunu və malını qorumaq olmalıdır. Hərbi qüvvələr siyasi işlərə qarışsalar, onda müəyyən bir partiya, təşkilat və ya qrupun baxışını müdafiə etməli olacaqlar. Belə olan halda isə bu qüvvələr özlərinin əsas vəzifələrinin nədən ibarət olduğunu unudacaqlar. Bu məsələdə Misir ordusunu xatırlatmaq mümkündür. Misir ordusu və hərbçiləri xalqın hörmət və ehtiramını qazanıb. Çünki, Misir ordusu xalqı qoruyur. Yenə təkrar edirəm, hərbi qüvvələr və ümumilikdə hərbçilər müəyyən bir qrup və təşkilatı dəstəkləməkdən çəkinməli, bütün xalqın, bütün cərəyan və qrupların müdafiəçisi və dayağı olmalıdır”, - deyə ayətullah Dəstqeyb qeyd edib.

XS
SM
MD
LG