Accessibility links

Azəbaycanın minatəmizləmə agentliyinin əməkdaşı piyada əleyhinə minaya düşüb


Noyabrın 14-də münaqişə zonasında yerləşən Füzuli rayonuna ezam olunan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşı Asif Xudiyev piyada əleyhinə minaya düşüb, “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin məlumatında deyilir.

Noyabrın 13-də Füzuli rayonunda iki mülki şəxs minaya düşüb, onlardan biri vəfat edib.

Agentlik noyabrın 14-də münaqişə zonasında 46 ədəd partlamamış hərbi sursat (PHS), 2 574 ədəd piyada əleyhinə mina, 906 ədəd tank əleyhinə minanın partladıcısı və 295 ədəd partlamış mərmi qalıqları aşkar edib.

Məlumatda bildirilir ki, agentliyin partlayış qrupu tərəfindən 7 ədəd partlamamış hərbi sursat (PHS), mexaniki minatəmizləmə qrupu tərəfindən 7 ədəd PMN minası zərərsizləşdirilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirir ki, Mina Təsirinin Tədqiqatı nəticələrinə görə Azərbaycanda 736 milyon kvadrat metr ərazinin mina və patlamamış hərbi sursatla (PHS) “yüksək” səviyyədə çirkləndiyi müəyyən olunub. Bu ərazilərin hamısı atəşkəs xətti boyunca yerləşən müharibə təsirinə məruz qalan və Ermənistanla sərhəd rayonlarda yerləşir. Mina ilə çirklənmənin ən yüksək səviyyəsi Füzuli, Ağdam və Tərtər rayonlarında qeydə alınıb.

“Ermənistan silahlı qüvvələrinin nəzarətində olmuş Dağlıq Qarabağda, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında, Füzuli, Tərtər, Ağdam rayonlarının bir hissəsində mina/PHS-lə yüksək çirklənmə səviyyəsi 350 milyon kvadrat metrdən 830 milyon kvadrat metrdək müəyyən edilib. Bu ərazilərdə 50 000-dən 100 000-dək mina yerləşdirildiyi güman olunur,” agentlik bildirir.

Qeyri-rəsmi məlumatlara görə, atəşkəs başlayandan (1994-cü ilin may ayı) indiyədək mina partlamasından 500-ə yaxın insan həlak olub, mindən çox insan yaralanıb ki, onların 30 faizi hərbi qulluqçuların, 70 faizi isə mülki vətəndaşların payına düşür.

XS
SM
MD
LG