Accessibility links

Azər Allahverənov: Əfqanıstandakı siyasi böhrandan sonra Azərbaycana qaçqın gəlməyib


Azər Allahverənov: Əfqanıstandakı siyasi böhrandan sonra Azərbaycana qaçqın gəlməyib
please wait

No media source currently available

0:00 0:15:54 0:00

Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Amerikanın Səsinə müsahibəsində miqrasiya siyasəti, ölkədəki miqrantların durumu, son günlərdə əfqan miqrantların aksiyasının səbəblərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanın miqrasiya siyasətini beynəlxalq hüquq normalarına uyğun saymaq olarmı? Çünki son illərdə bir sıra hallarda ölkələrindəki təhlükələrdən qaçaraq Azərbaycana miqrasiya etmiş şəxslər yenidən ölkələrinə qaytarılıb?

Sığınacağın alınmasına dair vəsatətə imtina cavabı verilirsə, təbii ki, miqrant müvafiq qaydada ölkələrinə qaytarılır. Bəzi hallarda, bu könüllü olur, bəzi hallarda isə deportasiya şəklində olan proses kimi baş verir.

Azər Allahverənov: Şübhəsiz ki, Azərbaycanın miqrasiya qanunvericiliyi beynəlxalq sənədlərə uyğun şəkildə tərtib olunub. Zaman-zaman miqrasiya prosesləri çox dəyişkən bir dinamik proses olduğu üçün miqrasiya qanunvericliyinin təkmilləşdirilmnəsinə ehtiyac var. Əgər, siz son 10-15 ilin statistikasına nəzər salsanız, görəcəksiniz ki, hər il bizim qanunvericilikdə müəyyən təkmilləşdirmə işləri aparılıb. Hazırda da miqrasiya qanunvericiliyində müəyyən dəyişikliklərin olması gözlənilir. Çünki müvafiq qaydada təkliflər verilib. Yəni, bütövlükdə miqrasiya qanunvericiliyi beynəlxalq sənədlərə uyğun şəkildə mövcuddur və icrası da beynəlxalq konvensiyalara uyğun həyata keçirilir. O ki, qaldı ölkələrinə qaytarılan şəxslərlə bağlı, siz dediniz ki, konkret olaraq ölkə ərazisini vaxtı ilə tərk etmiş şəxslər olub. Şübhəsiz ki, ölkə ərazisini müxtəlif səbəblərdən insanlar tərk edə bilər. Ölkəni tərk edən insanların bir qismi təbii ki, sonradan xarici ölkələrdə sığınacaq almaq istəyir. Bunun üçün çox vacib dörd əsas səbəb var ki, o səbəblərdən birini dilə gətirərək müvafiq qurumlar qarşısında sığınacaq almaq üçün vəsatətlə çıxış edirlər. Əgər, onların sığınacağın alınmasına dair vəsatətinə imtina cavabı verilirsə, təbii ki, onlar müvafiq qaydada ölkələrinə qaytarılır. Bəzi hallarda, bu könüllü olur, bəzi hallarda da bu müvafiq qaydada deportasiya şəklində olan proses kimi baş verir.

Amerikanın Səsi: Amma bir çox hallarada Azərbaycan məhkəmələrinin qərarından sonra həmin insanlar məhkəmələrin qarşısından oğurlandığını bildirir. Bunlara səbəb nədir?

Azər Allahverənov: Məhkəmə qarşısından kimlərinsə oğurlanması barədə mən hər hansı bir informasiya əldə etməmişəm. Belə fakta rast gəlməmişəm. Amma mən düşünürəm ki, əgər hər hansı bir formada insan hüquq və azadlıqlarına, mənafelərinə zidd hərəkətlər varsa, təbii ki, müvafiq qaydada, fərdi qaydada araşdırılmalıdır. İstənilən bir hadisə barədə aidiyyatı üzrə hər hansı bir informasiya daxil olduqda aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır, hansı ki, bu, dövlət miqrasiya xidmətinin yurisdiksiyasına aid olmayan məsələdir.

Amerikanın Səsi: Miqrantların Azərbaycanda qeydiyyata alınması, ölkədə müvəqqəti olma müddətinin uzadılması məsələləri necə həll olunur? Bu sahədə məhkəmələrdə şikayətlərə baxılırmı?

Məhkəmələrə müraciət edən miqrantlar var.

Azər Allahverənov: Şübhəsiz ki, məhkəmələrə müraciət edən miqrantlar var. Hansılar ki, Dövlət Miqrasiya Xidmətinin çıxardığı qərarlardan narazıdırlar. Hesab edirlər ki, bu qərarlar çıxarılan zaman onların müəyyən mənada maraqları və hansısa səbəblərdən irəli gələn ehtiyacları düzgün dəyərləndirilməyib. Bu səbəbdən də onların müraciətlərinə imtina cavabı verilib. Məhkəməyə müraciət edəndə daha çox bunu əsas gətirirlər. Amma, istənilən halda, əgər, şəxsin ölkə ərazisində qalması üçün əsalar varsa, bu əsaslar da miqrasiya qanunvericiliyinin müvafiq maddələri ilə tənzimlənən bir haldır. Hər hansı maneə olmadan həmin şəxsə ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi verilir. Həmin şəxs çox rahat şəkildə ölkə ərazisində qala bilir.

Amerikanın Səsi: Azərbaycana ən çox hansı ölkələrdən miqranlar gəlir? Son illərdə nədənsə İrandan olan miqrantlar, xüsusilə azərbaycanlılar görünmür. Bunun səbəbi nədir?

Bizim miqrasiya mübadiləmiz daha çox Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, o cümlədən də İranladır. Yəni İran beçinci yerdədir.

Azər Allahverənov: İran İslam Respublikası beşinci sıralamada yer alıb. Yəni, ilk beşliyə daxil olan ölkələrdəndir. Təbii ki, bizim miqrasiya mübadiləmiz daha çox Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, o cümlədən də İranladır. Yəni İran beçinci yerdədir. Amma istənilən halda, əgər sizin sualınız bizim Bakı şəhərinin küçələrində iranlıların gözə dəyməməsi ilə bağlıdırsa, mən deyim ki, ölkə ərazisində şübhəsiz ki, bu gün müəyyən sayda İrandan olan mqirantların yaşadığı bildirilir. Onların böyük bir qismi ölkə ərazisində müvəffəqəti yaşamaq və daimi yaşamaq əsasında olan insanlardır. Amma, düz deyirsiniz, missal üçün, 3-5 il bundan qabaq, hətta bir qədər də əvvələ nəzər saldıqda mən deyə bilərəm ki, Azərbaycanda əsasən iki bayram var idi ki, həmin bayramlar zamanı ölkə ərazisinə kütləvi şəkildə iranlıların axını baş verirdi. Xüsusilə azərbaycanlı soydaşlarımızdan söhbət gedir. Onlar Novruz bayramında daha çox Azərbaycana təşrif buyururdular. Hətta 2010-2011-ci illərdə, mənim yadıma düşür ki, biz o zaman statistika da aparırdıq, Novruz bayramında 100 minə qədər iranlı soydaşımız Azərbaycana gəlib, burada bayramı qeyd etmək əhval-ruhiyyəsində olurdu. Amma, sonrakı illərdə ərəb ölkələrindən gələn turistlər daha çoxluq təşkil edirdi. Nəticə etibarı ilə də iranlılar bir az arxa plana keçdi.

Amerikanın Səsi: Gəlin burada turistlərdən yox, siyasi təhlükələrdən qaçan miqrantlardan danışaq. Yəni 3-5 il qabaq Azərbaycana daha çox İrandan siyasi cəhətdən təhlükə gözləyən insanlar gəlirdisə, indi onlar görünmür.

Bu gün Azərbaycanda çox az sayda İrandan gəlib və burada sığnacaq almış şəxslər var.

Azər Allahverənov: Razıyam. Razıyam. Mən sizinlə razıyam, o baxımdan ki, bəli, həqiqətən də 3-5 il bundan qabaq İranda siyasi hakimiyyətin azərbaycanlılara münasibətdə, soydaşlarımıza münasibətdə bir qədər sərt yanaşması mövcud idi. Hətta, 10-15 il bundan qabaq statistikaya nəzər salsanız görərsiniz ki, həmin illərdə Azərbaycana çox sayda İrandan gəlib, burada sığınacaq almaq istəyən insanlar var idi. Yəni, bu gün Azərbaycanda çox az sayda İrandan gəlib və burada sığnacaq almış şəxslər var. Yəni, onların arasından həm qaçqın statusu alan insanlar var, həm də sığınacaq almış şəxslər var. Yəni, aşağı-yuxarı bir neçə onluq, yüzdən çox deyil, rəsmi qaçqın statusu və sığınacaq almış şəxslərdən söhbət gedir. Onların da böyük əksəriyyəti İrandan gələn soydaşlarımızdır. Amma, onlar son 2-3 ildə gələnlər deyil. Onlar 10-20 il bundan əvvəl, xüsuisilə də İranda siyasi hakimiyyətin daha sərt siyasət yürütdüyü bir dönəmdə Azərbaycanda sığınacaq axtaran şəxslərdir.

Amerikanın Səsi: Azərbaycan qanunsuz miqrasiyanın qarşısını almaq üçün hansı tədbirlər həyata keçirir? Ölkədə qanunsuz miqrantların saxlanılma mərkəzləri varmı? Bu sahədə işlər necə qurulub?

Dövlət Miqrasiya Xidmətinin nəzdində iki mərkəz fəaliyyət göstərir. Bunlardan biri Bakının Kürdəxanı qəsəbəsində qeyri-qanuni miqrantların saxlanılması mərkəzi və bir mərkəz də Yevlax şəhərində fəaliyyət göstərir.

Azər Allahverənov: Qanunsuz miqrasiyaya qarşı tək dövlət miqrasiya xidməti yox, bildiyiniz kimi, Daxili İşlər Nazilriyində də müvafiq idarə var, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində ixtisaslaşan və buna cavabdeh olan bir qurum var. Təbii ki, Dövlət Miqrasiya Xidməti özü hansısa reydlər keçirmir. Yəni, qeyri-qanuni miqrasiya ilə bağlı mübarizə kontekstində fəaliyyət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Bəzi hallarda, o reydlər Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilə bilər. Amma, Daxili İşlər Nazirliyi tərəfindən hər hansı bir qeyri-qanuni yaşama faktı və ya qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olma faktı aşkarlanırsa həmin şəxslər Dövlət Miqrasiya Xidmətinə yönəldilir. Qaldı ölkə ərazisində qeyri-qanuni əsaslarla yaşayan şəxslərin salanılması ilə bağlı, bildiyiniz kimi, Azərbaycanda Dövlət Miqrasiya Xidmətinin nəzdində iki mərkəz fəaliyyət göstərir. Bunlardan biri Bakının Kürdəxanı qəsəbəsində qeyri-qanuni miqrantların saxlanılması mərkəzi və bir mərkəz də Yevlax şəhərində fəaliyyət göstərir. Zamanında elə olubdur ki, məsələn, 3-5 il bundan qabaq, həmin mərkəzlərdə monitorinq keçirmişik, orada 30-40 nəfərin qaldığını görürdük. Bunlar da qeyri-qanuni əsasla ölkə ərazisində yaşayırdı. Və ya ölkə ərazisinə daxil olub, burada qaçqın statusu almaq üçün müraciət edən şəxslər olub ki, qanunvericiliyə uyğun olaraq 3 aydan 6 aya qədər onlar həmin mərkəzdə dövlət hesabına qala bilib. Amma, sonrakı mərhələdə onların cavabına baxılır. İmtina cavabıdırsa ölkə ərazisində çıxarılması prosesi baş verir. Əgər müsbət cavab verilirsə ölkə ərazisində qalmaq üçün şərait yaradılır. Amma, sonrakı illərdə, misal üçün, 2019-2020-ci illərdə, xüsusilə də bu pandemiya dönəmində keçirdiyimiz monitorinqlər zamanı biz gördük ki, kəskin şəkildə həmin mərkəzlərdə saxlanılan şəxslərin sayında azalma müşahidə olunur. Bu da məlum səbəblərə görə, çünki pandemiya birbaşa miqrasiya prosesinə təsir etdi. Amma, 2021-ci ildən biz yenə monitorinq keçirdik və misal üçün, Yevlaxda fəaliyyət göstərən mərkəzdə də olduq, gördük ki, orada ümumiyyətlə miqrant yoxdur. Bu da pandemiyanın təsirlərindən irəli gələn haldır. Bundan başqa, Dövlət Miqrasiya Xidməti çalışır ki, maksimum şərait yaratsın ki, qeyri-qanuni miqrantlar üçün nəzərdə tutulan saxlanma mərkəzlərində yox, eyni zamanda onların yaxınlarının, doğmalarının evində qalması üçün zəruri şərait yaradılsın. Bunun üçün də lazım olan normativ sənədlər, baza var və buna uyğun tənzimlənir.

Amerikanın Səsi: Əfqanıstanda son siyasi böhran zamanı Azərbaycana bu ölkədən miqranlar gəlibmi?

Hələlik ölkə ərazisindən keçmək və ya ölkə ərazisinə yaxınlaşmaqda olan əfqan qaçqınları ilə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət daxil olmayıb.

Azər Allahverənov: Son siyasi böhran nəticəsində, yəni son iki-üç ayı nəzərdə tutsaq, bu müddət ərzində Azərbaycana gələrək burada sığınacaq axtaran əfqanların sayı demək olar ki, yox səviyyəsindədir. Son aylar ərizində 9 nəfər əfqan müraciət edib. Amma, onlar Əfqanıstandakı son siyasi böhrana qədər müraciət edən şəxslərdir. Təbii ki, indi müxtəlif fikirlər səsləndirilir ki, Azərbaycana kütləvi əfqan qaçqını axını ola bilər və digər məsələlər ola bilər. Hələlik ki, rəsmi müraciətlər daxil olmayıb. Hələlik ki, ölkə ərazisindən keçmək və ya ölkə ərazisinə yaxınlaşmaqda olan əfqan qaçqınları ilə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət daxil olmayıb və bu barədə məlumat yoxdur. Yəni Əfqanıstanda son siyasi böhran dövründə və sonra Azərbaycana gəlmək arzusunda olan əfqan müraciət etməyib.​

Amerikanın Səsi: Son günlərə Əfqanıstandan olan bir qrup miqrant üçüncü ölkəyə getmək üçün uzun müddətdir Azərbaycanda qaldıqlarına, onlara lazımi qayğı göstərilmədiyinə etiraz olaraq aksiya keçirib. Bu tipli məsələlərin həllində beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi hansı işləri görməlidir?

Aksiyada iştirak edənlərin demək olar ki, hamısı 10-25 il ərzində ölkə ərazisində yaşayan insanlardır. Bu müddət ərzində beynəlxalq təşkilatlar onlara zəruri dəstklər göstərib.

Azər Allahverənov: Şübhəsiz ki, bu kimi müraciətlər zaman-zaman olur. İstər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qarşısında, istər digər beynəlxalq təşkilatlar qarşısında Azərbaycanda sığınacaq axtaran əfqan qaçqınları zaman-zaman müraciətlə çıxış edir. Həmin, siz dediyiniz aksiyada iştirak edənlərin demək olar ki, hamısı 10-25 il ərzində ölkə ərazisində yaşayan insanlardır. Bu müddət ərzində həmin beynəlxalq təşkilatlar onlara zəruri dəstəklər göstərib. Zəruri dəstək dedikdə, burada təbii ki, maddi dəstəkdən söhbət gedir. Eyni zamanda bunlar üçün müəyyən iş yerlərinin açılması, yəni iş şəraitinin yaradılması məsələləri var. Müəyyən beynəlxalq təşkilatlar onların müəyyən bir qisminin səhiyyə məsələləri ilə məşğul olur. Yəni, məndə tam dəqiq məlumat var ki, həmin əfqan ailələrindən olan uşaqların təhsil məsələləri ilə birbaşa olaraq Qaçqınlar üzrə Ali Komissralıq müəyyən işlər həyata keçirməkdədir. Hətta, həmin ailələrdən ali təhsil universitetlərinə daxil olan gənclər var ki, onların məsrəflərini BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Almaniyanın DAFİ fondu (Albert Einstein Alman Akademik Qaçqın Təşəbbüsü Fondu) deyilən fondu var ki, hansı ki, əcnəbi tələbələrə yardım göstərir, onlar dəstəkləyir. Amma siz qeyd etdiyiniz kimi, təbii ki, əfqan qaçqınları onlara göstərilən xidmətin yetərsiz olduğunu dilə gətirirlər. Zaman-zaman bu məsələ gündəmə gəlir. İndi Əfqanıstanda baş verən siyasi hakimiyyət böhranı zamanı Azərbaycanda bu aksiyanın həyata keçirilməsi, təbii ki, bu bir növ beynəlxalq ictimaiyyətin gözü Əfqanıstanda olduğu zaman əfqan qaçqınlarının belə bir aksiya ilə çıxış etməsi, təbii ki, diqqəti bir daha öz üzərinə çəkmək məqsədi ilə həyata keçirilib. Amma o aksiyada iştirak edən insanlar arasında Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olanlar da, müəyyən biznesi olanlar da var. Təəssüflər olsun ki, bəzi hallarda qurunun oduna yaş da yanır məsləsi də var. Təbii ki, əfqan qaçqınları arasında müəyyən ehtiyacı olan insanlar da var. Misal üçün, onların arasında eləsi var ki, üzərində çox bahalı bir cərahiyyə əməliyyatının keçirilməsinə ehtiyac var. Məndə olan məlumata görə, bir neçə əfqan ailələri var ki, o əməliyyatı Azərbaycanda həyata keçirmək çox çətin olmuşdu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatının səyi nəticəsində həmin şəxslər üçüncü ölkəyə çıxarılıb və onların əməliyyatı Hollandiyada, Kanadada, Fransada həyata keçirilib. Amma, təbii ki, insanlar həmişə narazı olur və hesab edirlər ki, ehtiyacları ilə bağlı diqqəti öz üzərlərinə çəkmək baxımından aksiya keçirilməsinə ehtiyac var.

Amerikanın Səsi: Xarici ölkələrə müvəqqəti və ya daimi miqrasiya edən Azərbaycan vətəndaşlarının qeydiyyatı, onların hüquq və mənafelərinin təmin edilməsi üzrə hökumət qurumları hansı işlər aparır?

Hər bir dövlətin müvafiq qurumu bilməlidir ki, onun Azərbaycanı təmsil etdiyi ölkədə Azərbaycandan emi0qrasiya olunmuş nə qədər şəxs var.

Azər Allahverənov: Bu proses ikitərəfli olmaldır. Mən ikitərəfli deyəndə nəyi nəzərdə tuturam. Bizim Miqrasiya Məcəlləsinə nəzər salanda, orada birmənalı şəkildə bildirilir ki, əgər bir şəxs başqa bir ölkəyə emiqrasiya edirsə, təbii ki, bizim diplomatik qurumlarla, diaspor təşkilatları ilə çox sıx əməkdaşlıq etməlidir. Çünki, həmin şəxs ölkəyə gələndə müəyyən problemlərlə üzləşir və o problemlərin həll olunmasında bir çox hallarda bizim diplomatik qurumlar, o cümlədən də diaspora təşkilatları müəyyən səylər göstərə bilir. Yəni, hər bir dövlətin müvafiq qurumu bilməlidir ki, onun Azərbaycanı təmsil etdiyi ölkədə Azərbaycandan emiqrasiya olunmuş nə qədər şəxs var. Əgər, emiqrasiya olunan şəxslər diplomatik qurumlara məlumat vermirsə, təbii ki, diplomatik qurumda onun haqqında məlumat olmur. Digər tərəfdən hansı işlər həyata keçirilir? Təbii ki, bizim diplomatik qurumlar sənədləşmə, hüquqi təminat kimi məsələlərdə çox yaxından kömək göstərə bilir. Hətta mən bildiyim qədər bir sıra ölkələrdə, hansı ki, Azərbaycandan emiqrasiya etmiş şəxslərin sayı gözəçarpacaq dərəcədə çoxdur, orada hətta hüquqi yardım proqramları həyata keçirilir, hüquq firmaları var. Misal üşün, Almaniyada tanınmış bir hüquq müdafiəçisi var ki, orada bizim vətəndaşlara hüquqi yardımlar göstərir. Bundan başqa, Rusiyada bir neçə hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. Yəni, diaspora təşkilatları, hüquq firmaları əməkdaşlıq edirlər, öz fəaliyyətlərini əlaqələndirirlər. Bəzi ölkələrdə bu hallar bir qədər pərakəndədir. Amma, istənilən halda əgər şəxsin hüquqlarının təmin olunmasına çox ciddi ehtiyac varsa bu qurumlara çəkinmədən müraciət edə bilər. Ona zəruri köməklik göstəriləcək.​

XS
SM
MD
LG