Accessibility links

Azər Mehdiyev: Azərbaycanda üç böhran - pandemiya, neft qiymətləri və islahat


İqtisadçı-ekspert, "İqtisadi Forum"un üzvü Azər Mehdiyev Amerikanın Səsinə müsahibəsində koronavirus pandemiyasının, neft qiymətlərinin aşağı düşməsinin Azərbaycanda iqtisadi-sosial duruma təsirlərindən danışıb.

Amerikanın Səsi: Hökümətin koronavirus pandemiyasına qarşı mübarizədə sosial izolyasiya tədbirləri ilə bağlı işsiz və gəlirsiz qalan əhaliyə yardim paketini yetərlı hesab edirsinizmi?

Bir tərəfdən, hökumətin məhdud imkanlıları nəzərə alması vacibdir; digər tərəfdən isə, verilən yardımlar müvəqqəti çətinlik dövründə ailələrin məhz ən zəruri ərzaq və digər mühüm tələbatlarını ödəmək iqtidarında olmalıdır.

Azər Mehdiyev: Sualınıza birbaşa cavab olaraq yetərli olmadığını deyirəm. Burada diqqət yetiriləsi 2 məsələ var: birincisi, yardımın əhatə dairəsinin nə dərəcədə yetərli (yaxud tam) olması; ikincisi, verilən yardımların məbləğinin nə dərəcədə zəruri ehtiyaclara uyğun olması. Karantin rejiminin tətbiqi ilə əlaqədar işlərinin dayanması, habelə bu rejimin yaratdığı digər şərtlər səbəbindən işsiz və gəlirsiz (ailəsini dolandıra biləcək qədər gəlir həddində) qalan bütün şəxslərin müəyyən olunması və yardımın əhatə dairəsinə salınması son dərəcə vacibdir. Bunun nə dərəcədə mürəkkəb bir iş olduğunu anlayıram. Məsələ belədir ki, bunları dəqiqləşdirmək üçün hazırda hökumətin əlində olan (ictimaiyyətə məlum) məlumat-informasiya bazası çox zəifdir. Belə ki, hökumətin rəsmi statistikası (yəni Dövlət Statistika Komitəsi) ölkədəki 5.2 milyon nəfər iqtisadi fəal əhalinin 4.95 milyonunun məşğul olmasını, təqribən 250 min nəfərin isə işsiz olduğunu iddia edir. Bundan çıxış edərək təqribən 200 min nəfərə işsizliyə görə yardım verilməsi, daha 50 min nəfər üçün ödənişli ictimai iş yerlərinin yaradılması nəzərdə tutulur. İşsizliyə görə hər şəxsə ayda 190 manat verilir – ölkədə təsdiq edilmiş minimum istehlak büdcəsinin məbləğinə uyğun olaraq. Amma bu, bir nəfər üçün təyin edilmiş məbləğdir, bu şəxslərin ailəsi varsa, digər ailə üzvləri nəzərə alınmır.

Rəsmi statistikaya əsasən (2020-ci il fevralın 1-nə olan məlumata görə), 4.9 milyon məşğul əhalinin cəmi 1 milyon 641 min nəfəri (1/3-i) muzdlu işçilərdir ki, bunun da təqribən 912 min nəfəri dövlət sektorunda, 729 min nəfəri isə özəl sektorda çalışır. Dövlət sektorunda çalışanlar əmək haqqlarını alacaqlar. Hökumətin fikrincə, fəaliyyəti müvəqqəti dayandırılan iş yerlərinin sayı 304 min hesab olunur (yəni özəl sektorda olan 425 min nəfərinin çalışdığı firmaların işi dayanmayacaq). Hökumət bu insanların işdən çıxarılmaması şərti ilə firmaların onlara ödəməli olduğu əmək haqqının müəyyən hissəsini ödəməyi öz üzərinə götürüb (vəsait müvafiq firmalara köçürülməklə işçilərə verilir). Bunun üçün 2 aya 215 milyon manat vəsait nəzərdə tutulub.

4.9 milyon məşğul əhalinin 1.7 milyondan bir qədər çoxu torpaq payı olanlardır. Bu kateqoriya aid edilən insanlara hər hansı yardımın verilməsi gözlənilmir. Belə çıxır ki, bunlar pandemiyanın təsirlərinə məruz qalmayacaqlar (yəni gəlirlərini itirməyəcəklər). Bu, çox mübahisəli məqamdır.

Yenə rəsmi məlumatlara əsasən ölkədə 900 mindən bir qədər çox şəxs fiziki-sahibkar kimi qeydiyyata alınsa da, onlardan təqribən 300 minə qədəri (İqtisadiyyat nazirliyi 292 min nəfər olduğunu bildirib) real fəaliyyət göstərir. Bu sahibkarlara itirdikləri gəlirlərə görə 80 milyon manat (2 ay üçün) kompensasiya nəzərdə tutulub.

Yuxarıda sadalananları nəzərə aldıqda təqribən 1.2 milyon nəfərin necə məşğul olması qeyri-müəyyən olaraq qalır. Ölkədə işəgötürənlərin (yəni firma sahiblərinin sayı) elə də çox deyil. Belə çıxır ki, bu qədər insan qeyri-rəsmi olaraq məşğuldur. Hətta rəsmi statistikada bunların iqtisadi fəaliyyət növləri üzrə bölgüsü də verilib. Aydın məsələdir ki, bu insanların əksəriyyəti sabit iş yerlərinə və sabit gəlirlərə malik deyillər. Həm də karantin rejimi şəraitində bunların işə çıxmaları və gəlir götürmələri mümkünsüzdür. Bu təbəqəyə münasibətdə isə hökumətin yardım paketində heç nə nəzərdə tutulmur.

Verilən yardımların ailələrin ehtiyaclarını nə dərəcədə əhatə edə biləcəyi məsələsi də ayrıca mazakirə predmetidir. Burada müxtəlif yanaşmalar və arqumentlər ola bilər. Yəni, bir tərəfdən, hökumətin məhdud imkanlıları nəzərə alması vacibdir; digər tərəfdən isə verilən yardımlar bu müvəqqəti çətinlik dövründə ailələrin məhz ən zəruri ərzaq və digər mühüm tələbatlarını ödəmək iqtidarında olmalıdır. Bu məsələ mütləq şəkildə ölkədə minimum istehlak səbətinin tərkibinə yenidən baxılmasını zəruri edir.

Amerikanın Səsi: Sizcə hakimiyyət bu situasiyada necə davranmalı idi?

Vacib məsələlərdən biri də pandemiyanın təsirləri üzrə ev təsərrüfatlarına yardımların və biznesə veriləcək dəstək proqramlarının müəyyən edilməsi prinsiplərinin işlənməsi vacibliyi idi.

Azər Mehdiyev: Məsələ belədir ki, Azərbaycan hakimiyyəti pandemiyanın yaratdığı tibbi, sosial və iqtisadi problemlərlə yanaşı, eyni zamanda həm də dünya neft bazarında baş verən qiymət dalğalanmalarının yaradacağı ciddi iqtisadi-sosial problemlərlə üz-üzə qalıb. Nə qədər əlaqəli olsa da, bu iki problemin fəsadlarının aradan qaldırılması üzrə tədbirlər və addımlar ayrı-ayrılıqda müəyyən edilməli, sonra isə uzlaşdırılmalıdır. Amma hökumət əvvəlcədən bu problemləri birləşdirmək yolunu tutdu. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamında hətta dünya enerji bazarlarında baş verən dalğalanmalar məhz pandemiya ilə əlaqələndirilir. Halbuki pandemiya olmasaydı belə dünya neft bazarında gərginliyin olacağı (Rusiya və Səudiyyə Ərəbistanı arasında başlayan qiymət savaşına görə) gözlənilən idi. Bunun da neft gəlirlərinin səviyyəsindən asılı Azərbaycan iqtisadiyyatına təsirləri qaçılmaz idi. Buna görə də pandemiyanın ölkə əhalisinin rifahına və iqtisadiyyatına mümkün təsirləri ayrıca qiymətləndirilməli, pandemiyanın əhaliyə mənfi təsirlərinin mümkün qədər azaldılması və ölkə iqtisadiyyatının mümkün ən az itkilərlə bu vəziyyətdən çıxması, habelə pandemiyadan dərhal sonra təsirlərə məruz qalan sahələrdə qısa müddətdə dirçəlişə nail olmaq üçün tədbirlər işlənilməli idi. Eyni zamanda neftin qiymətinin yaratdığı dalğalanmaların ölkə iqtisadiyyatına mümkün təsirlərinin aradan qaldırılması üzrə ayrıca proqram işlənilməlidir. Əslində 2008-ci və 2014-cü illərdə baş verən proseslərdən sonra Azərbaycan hökuməti neft bazarlarındakı dalğalanmaların ölkə iqtisadiyyatına mümkün təsirləri ilə bağlı davamlı olaraq yenilənən qiymətləndirmələrə malik olmalı idi. Amma təəssüf ki, hətta 2015-ci ildə baş verənlərdən belə hökumətin yetərli qədər dərslər çıxardığı görünmür.

Pandemiyanın mənfi sosial-iqtisadi təsirlərinin mümkün qədər azaldılması, iqtisadi itkilərin minimuma endirilməsi üçün düzgün və əsaslı qiymətləndirmənin aparılması son dərəcə vacibdir. Artıq yuxarıda təəssüflə qeyd etdiyimiz kimi, hökumətin hazırda malik olduğu rəsmi statistika və hesabat bazası qısa müddətdə belə qiymətləndirməni mümkünsüz edir. Bu həm də bu pandemiyadan çıxarılası ən mühüm dərslərdən biridir.

Vacib məsələlərdən biri də pandemiyanın təsirləri üzrə ev təsərrüfatlarına yardımların və biznesə veriləcək dəstək proqramlarının müəyyən edilməsi prinsiplərinin işlənməsi vacibliyi idi. Belə prinsiplər üzərində dayanmadan sadəcə olaraq bir məsələyə diqqəti yönəltmək istəyirəm. Ev təsərrüfatlarına yardımla biznesə dəstək fərqli məsələlərdir və fərqli yanaşma tələb edir. Hökumətlərin əksəriyyəti də bu cür yanaşırlar. Məsələn, dünyanın əksər ölkələrində hökumətlər bütün ev təsərrüfatlarına müəyyən məbləğdə yardımlar etməklə onlara dəyəcək mənfi sosial təsirləri minimuma endirməyə cəhd edirlər. Bununla yanaşı həmin ölkələrdə hökumətlər firmaların işinin dayanması səbəbindən işçilərin ixtisarına yol verməmək üçün həmin işçilərin əmək haqqının tam və ya əsasən ödənilməsini öz üzərinə götürüblər. Yəni ev təsərrüfatlarının sosial qayğısı ilə iş yerinin itirilməsi məsələləri eyniləşdirilməyib, hər birinə ayrıca problem kimi yanaşılıb. Bizdə isə hökumət hər bir ev təsərrüfatının heç olmasa bir gəlir mənbəyinə malik olması prinsipindən çıxış edir (evdə olan bir neçə nəfər işsizdən yalnız birinə yardım verilməsi, ailədə bir növ sosial təqaüd alan varsa, başqa üzvünə yardım verilməməsi, torpaq payı olanların hər cür yardımlardan kənarda saxlanması və s.).

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi, iqtisadi duruma mənfi təsir edən amillərdən biri də neftin kəskin ucuzlaşmasıdır. Hökümət bu situasiyaya nə dərəcədə adekvat cavab verir? Hakimiyyətin antiböhran planı varmı?

Dövlət ədalətli biznes mühiti yaratmaq əvəzinə, sahibkarlara çoxsaylı güzətlər və preferensiyalar yaradılıb ki, bunlardan da daha çox yenə də məmur-sahibkarlar, yaxud məmurların kölgəsində olan iş adamları faydalanır.

Azər Mehdiyev: Əslində bu sualın cavabına az da olsa yuxarıda toxundum. Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılması məsələsi artıq uzun illərdir ki, gündəlikdədir. 2015-ci il hadisələrindən sonra iqtisadi islahatlar və iqtisadi inkişaf məsələlərini əhatə edən strateji yol xəritələri də təsdiq olundu. Lakin sonradan neftin qiymətinin yenə də yüksəlməsi həmin strateji yol xəritəsində nəzərdə tutulan islahatların ya yarımçıq həyata keçirilməsi, ya da tamamilə unudulması ilə nəticələndi. Hökumət ciddi iqtisadi islahatlara getmək, ölkədə məmur sahibkarlığını aradan qaldırmaq, dövlət maliyyəsinin və əmlakının idarə edilməsində korrupsiyayanı azaltmaq, ölkədə müstəqil və ədalətli məhkəmə sisteminin qurulmasını təmin etmək, qanunun aliliyini və hər kəsin qanun qarşısında bərabərliyini təmin etmək və bunun əsasında biznes mühitini yaxşılaşdırmaq, ölkəyə xarici investorlar cəlb etmək əvəzinə, qeyri-neft sektorunu yenə də əsasən dövlət resursları hesabına yaratmağa cəhd edir. Dövlət ədalətli biznes mühiti yaratmaq əvəzinə, sahibkarlara çoxsaylı güzətlər və preferensiyalar yaradılıb ki, bunlardan da daha çox yenə də məmur-sahibkarlar, yaxud məmurların kölgəsində olan iş adamları faydalanır. Ölkədə əksər fəaliyyət sahələri məmurların inhisarında qalmaqdadır. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar əsasən texniki məsələləri əhatə edir, hansısa güzəşt və preferensiya alətlərinin tətbiqini nəzərdə tutur. Hətta sənaye və texnologiya parklarının və sənaye məhəllələrinin yaradılması kimi işlərdə də məmur yanaşmasına və dövlət resurslarına üstünlük verilir. Halbuki ölkədə ciddi institusional islahatlar aparılmasa belə alətlər sahibkarlığın geniş inkişafını təmin edə bilməyəcək. Qeyri-neft sektorunun, xüsusilə emal sənayesi sahələrinin inkişaf etdirilməsi ciddi sahibkarlıq yanaşmasını və iri kapital investisiyaları tələb edir.

Pandemiyanın təsirlərini azaltmaqla bağlı hökumətin elan etdiyi paketdə əslində həm də neft bazarlarında olan dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə mənfi təsirlərinin azaldılması ilə bağlı tədbilər də əksini tapıb. Bir daha deyirəm ki, bu məsələ üzrə ayrıca proqramının hazırlanması zəruridir. Ölkədə məhz azad və rəqabətli sahibkarlığa əsaslanan və müasir dövrün texnoloji, iqtisadi və digər çağırışlarına cavab verən qeyri-neft sektorunun inkişafı üçün ciddi iqtisadi və institutsional islahatların həyata keçirilməsinə ehtiyac var. Amma hökumətin təqdim etdiyi paketdəki tədbirlər təxirəsalınmaz xarakterli addımları nəzərdə tutur. Həm də sənəddə təklif olunan tədbirlərin qayəsində iqtisadiyyatda dövlətin rolunun artırılması dayanır. Orada dövlət müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi və ayrı-ayrı dövlət müəssisələrinin özəlləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər isə artıq uzun illərdir ki, hər böhran dövründə təkrarlanan, neftin qiyməti yüksələn kimi unudulan addımlar sırasındadır.

Amerikanın Səsi: Dövlət büdcəsinin sekvestrini (ixtisarını) gözləmək olarmı və hökumət hansı xərcləri ixtisar etməlidir ?

Hazırda Azərbaycan hökuməti və cəmiyyəti üçqat böhranla üz-üzə qalıb: pandemiyanın yaratdığı böhran, neft qiymətlərinin aşağı düşməsinin yarada biləcəyi böhran və “islahat böhranı” adlandıra biləcəyimiz idarəetmə böhranı.

Azər Mehdiyev: İndiki halda dövlət büdcəsinin sekvestrinə getmək qaçılmazdır. Bir tərəfdən pandemiyanın iqtisadi və sosial təsirlərinin azaldılması tədbirləri dövlət büdcəsinə əlavə sosial yük yaradır. Digər tərəfdən, pandemiya nəticəsində bir çox sahələrdə işlərin dayanması və firmaların gəlirlərini itirməsi ilə əlaqədar olaraq biznesə əlavə güzəşt və dəstək tədbirlərinin həyata keçirilməsi büdcənin maliyyə yükünü artırmaqla yanaşı, həm də büdcəyə daxilolmaların azalmasına gətirib çıxarır. Həm də bu prosesin nə qədər davam edəcəyi bəlli deyil. Çünki karantin rejiminin daha bir-iki ay uzanması büdcə yükünün daha böyük həcmlərdə artması deməkdir. Üçüncü bir tərəfdən isə neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar olaraq dövlət büdcəsinin neft sektorundan daxilolmalarınnın azalması gözləniləndir. Hətta neft qiymətlərinin uzun müddət aşağı qalacağı halda ilin ikinci yarısında dövlət büdcəsinə yeni əlavə yüklərin (dövlət şiekətləri və dövlət borcları ilə bağlı problemlər) meydana çıxması mümkündür. Dövlət büdcəsi gəlirlərini artırmaq üçün yeganə mənbə kimi Dövlət Neft Fondu görünür ki, indiki halda Fonddan dövlət büdcəsinə transfertlərin büdcəyə artıq nəzərdə tutulduğundan əlavə artırılması problemlər yaradır. Bu, bir tərəfdən qanunvericilikdə olan büdcə qaydasının dayandırılmasını tələb edir ki, bu da dövlət maliyyəsinin səmərəli idarə edilməsi baxımından yaxşı addım hesab olunmur. Başqa bir tərəfdən Dövlət Neft Fondundan transfertlərin artırılması Fondun kiçilməsinə gətirib çıxara bilər ki, bunun da özünəməxsus mənfi tərəfləri var.

Bu halda mümkün addımlar sırasında dövlət büdcəsinin bəzi xərclərinin ixtisarı, Fonddan çox da böyük olmayan məbləğdə əlavə transfertin cəlb edilməsi yaxud milli valyutanın devalvasiyasına getməklə Fonddan dollar ifadəsində transferti artırmadan manat ifadəsində büdcəyə əlavə vəsaitin cəlb edilməsi ola bilər. Hökumət bu tədbirlərin kombinasiyasından da istifadə edə bilər.

Büdcə xərclərinin ixtisarına gəldikdə deyə bilərik ki, mövcud dövlət büdcəsinin ixtisarolunma potensialı kifayət qədər böyükdür. Aydın məsələdir ki, hökumət dövlət büdcəsinin sosial xərclərini nəinki ixtisar edə bilməz, əksinə, indiki durumla bağlı elə xərclər kəskin artacaqdır. Yeri gəlmişkən, hətta pandemiya olmasaydı belə, neft gəlirlərinin uzunmüddətli kəskin aşağı olması hğkuməti “büdcə tələsi” ilə üz-üzə qoya bilərdi. İndiki halda isə bu tələ tam real olub. Dövlət büdcəsinin xərcləri sırasında ixtisara məruz qalası əsas bölmə böyük ehtimalla investisiya xərcləri ola bilər. Bununla yanaşı ehtiyat fondlarının vəsaiti də pandemiyanın təsirlərinin azaldılması xərclərinə yönəldilə bilər. Bununla belə, hazırda dövlət büdcəsinin idarə edilməsinin əsas problemlərindən biri də xərclərin şişirdilmiş olmasıdır. Yəni büdcə idarəetməsində bədxərcliyin azaldılması hesabına ciddi qənaət əldə etmək mümkündür.

Daha bir mühüm məsələ dövlət şirkətlərinin və əmlakının səmərəli idarə edilməsi məsələsidir. Dövlət müəssisələrinin dividend ödəmələri, dövlət müəssisələrinin büdcə ilə münasibətlərinin səmərəli təşkili, dövlət əmlakı obyektlərinin icarəyə verilməsindən daxilolmalar, ayrı-ayrı dövlət mülkiyyəti obyektlərinin rəqabətli şəraitdə özəlləşdirilməsi, dövlət satınalmalarında şəffaflığın artırılması kimi məsələlərə diqqət artırılmalı, bu istiqamətlərdə ciddi islahatlara getmək lazımdır.

Hazırda Azərbaycan hökuməti və cəmiyyəti üçqat böhranla üz-üzə qalıb: pandemiyanın yaratdığı böhran, neft qiymətlərinin aşağı düşməsinin yarada biləcəyi böhran və “islahat böhranı” adlandıra biləcəyimiz idarəetmə böhranı. Yalnız ciddi və əsaslı iqtisadi və institusional islahatlar ölkəni bu böhranlardan ən az itkilərlə çıxarda bilər.

Ümid edirəm ki, neftin qiymətində növbəti dəfə yüksəlişə doğru dəyişikliklər olarsa (bu, neftin qiymətinin yüksələcəyi barədə proqnoz deyil, sadəcə belə olarsa mənasındadır), hökumət islahat bəyanatlarını yenə də arxivə göndərməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG