Accessibility links

Azər Mehdiyev: Qohumbazlıq dövlət şirkətlərinin fəaliyyətini yaxşılaşdırmağa imkan vermir


İqtisadçı-ekspert Azər Mehdiyev Amerikanın Səsinə müsahibəsində dövlət investisiya holdinqinin yaradılmasının perspektivləri və problemlərindən danışıb.

Amerikanın Səsi: Dövlət investisiya holdinqinin yaradılması müxtəlif mülahizələrə səbəb oldu. Bəzi müşahidəçilər buna skeptik yanaşır və hesab edir ki, bu, inhisarçılığa son qoymayacaq, əksinə daha da gücləndirəcək, çünkü bütün nəzarət bir əldə cəmləşəcək. Siz necə düşünürsünüz?

Belə bir qarışıq struktur var. Bu sturktur necə bu proseslərə nəzarət edəcək özü elə sual doğurur.

Azər Mehdiyev: Birmənalı cavab vermək çətindir. Ona görə ki, Azərbaycanda dövlət şirkətlərinin fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın artırılmasına çoxdan ehtiyac var. Hətta bu məsələ 2004-2006-cı illər korrupsiya üzrə proqramında öz əksini tapmışdı. Lakin sonralar uzun müddət böyük neft pulları gəldi, buna ehtiyac yaranmadı. 2015-ci il böhranından sonra bu, yenidən gündəmə gəldi. Uzun müddət bunun mexanizmləri axtarılırdı. Doğrudan da bəziləri hesab edirdilər ayrı-ayrılıqda bizim neft şirkətlərini bu vəziyyətdən çıxarmaq mümkün deyil. Bunlara hansısa model lazımdır. Dövlət investisiya holdinqinin yaradılması qərarına gəldikdə, bu da yenə hardasa müəyyən qədər Malaziyanın təcrübəsindən, bir sıra ölkələrin təcrübəsindən istifadə olunub yaradılıb. İnvestisiya holdinqinin yaradılmasında məqsəd şirkətlərin vahid prinsiplər əsasında idarə olunması və fəaliyyətinin səmərəliliyin artırılmasıdır. Lakin maraqlı bir məqam var. Ümumiyyətlə dövlət investisiya holdinqinin sturukturu bizə də maraqlıdır. Bir müşahidə şurası var, tamamilə dövlət məmurlarından ibarətdir. İkinci, bir idarə heyəti var və idarə heyətinin sədri var. İdarə heyətinin sədri prezident tərəfindən təyin olunur. Ancaq idarə heyətinin digər üzvləri idarə heyətinin sədrinin təqdimatı ilə şura tərəfindən təsdiq olunur. Maraqlıdır ki, bir də var baş icraçı direktor. Holdinqin fəaliyyətini baş icraçı direktor idarə edir. Ancaq idarə heyətinin sədri yalnız idarə heyətinin işinin təşkili ilə bağlıdır. Belə bir qarışıq struktur var. Bu sturktur necə bu proseslərə nəzarət edəcək özü elə sual doğurur. Ancaq digər tərəfdən holdingin tərkibində müəyyən bölmələr olacaq. Yəqin ki, dövlət şirkətlərinin fəaliyyətinə nəzarətlə bağlı. Onlar zaman-zaman o fəaliyyətini təhlil edəcəklər və onun əsasında hansısa qərarlar verə bilərlər. Nə qədər səmərəli olacağını zaman göstərər. Şəxsən mən o qədər də optimist deyiləm.

Amerikanın səsi: Bəzi ekspertlər Azərbaycan hökümətinin iqtisadi islahatları Sinqapur modeli ilə aparacağını deyir. Siz hökumətin davranışında oxşar cəhətlər görürsünüzmü?

Mən Azərbaycan hökümətində hələ komanda işi görmürəm.

Azər Mehdiyev: Bu məsələ uzun illərdir müzakirə olunan bir məsələdir. Ayrı-ayrı ölkələrin təcrübəsinin gətirilməsi. Önəmli olan təcrübənin nə dərəcədə öyrənilməsindən ibarətdir. Sinqapur modeli bizdə görünmür. Nəyə görə ki, orada nə qədər avtoritar rejim olsa da yuxarıdan aşağı korrupsiyaya qarşı çox sərt mübarizə oldu. İkincisi, hökümətin gələcəkdə ölkənin necə olması ilə bağlı çox ciddi bir vizyonu var idi və komanda var idi. Komandanın bir-birinin tanıması var idi. Mən Azərbaycan hökümətində hələ komanda işi görmürəm. Və bunun nəticəsidir ki, tez-tez hökümətin daxilində çox sayda komissiyalar yaradılır. Eyni adamlar gah bu komissiyaya, gah o komissiyaya daxil olur. Adamda belə bir təsəvvür var ki, bu nazirlər, bu hökümət bir qurum deyil. sadəcə olaraq hərəsinə bir sahə həvalə olunub. Əlaqələndirmək üçün artıq əlavə komissiyalara ehtiyac var. Bu baxımdan Sinqapur modeli və yaxud hər hansı ölkənin modeli gəlməzdən əvvəl biz özümüz nə istəyirik onu dəqiqləşdirməliyik. O islahatların dəqiq çərçivələrini müəyyənləşdirməliyik.

Amerikanın Səsi: Dünyada digər islahat təcrübələrı də var – Çili, Cənubi Koreya, Polşa, Türkiyə (Turqut Özalın islahatları) və s. Bunların hansıları Azərbaycan üçün uyğun olardı?

Hansısa institutların idxal olunması hələ onların Azərbaycanda doğru fəaliyyət göstərəcəyi deyil.

Azər Mehdiyev: Müxtəlif modellərdən müxtəlif maraqlı elementlər götürmək olar. Hətta, belə demək olar, müxtəlif institutlar gətirmək olar. Bizim ölkəmizdə də son illər bir neçə institutlar yaradılır. Ancaq yenə deyirəm, məsələ ondan ibarətdir ki, bu məsələ də geniş müzakirə olunur. Hansısa institutların idxal olunması hələ onların Azərbaycanda doğru fəaliyyət göstərəcəyi deyil. Bizdə bir çox hallarda kvazi (oxşayan) institutlar yaradılır. Yəni institutun adı olur özü fəaliyyət göstərmir. İllərlə biz bu cür institut yarada bilərik. Eyni ilə də investisiya holdinqi ilə bağlı. Siz indiyəqədər mətbuat işçisi olaraq Azərbaycanda dövlət şirkətlərinin durumunun niyə bu günə gəlib çıxdışına dair suala cavab tapa bilibsinizmi? Varmı elə təhlil? Dövlət şirkətləri problemi gizlətməklə niyə bu günə qalıb? Hansı problemlər qalıb? Bu problemi müəyyən etmək lazımdır, diaqnoz qoymaq lazımdır. Sonra onun həllinə keçmək lazımdır. Nə qədər ki, bizdə dövlət şirkətlərində indiki qapalılıq, neopotizm, yəni, qohumbazlıq elementləri var o şirkətlərin fəaliyyətini yaxşılaşıdırmaq mümkün olmayacaq. İkincisi, maraqlar mübarizəsidir. Maraqlar konfliktinin qarşısını alınmaq istiqamətində addımlar atılırmı? Ümumiyyətlə hökümət özü bu şirkətlərin fəaliyyətinin tam şəffaflığında maraqlıdırmı? Hər dəfə qiymətlərin qaldırılması söhbətləri, bu məsələ ortaya gəlir. Onların xərcləri niyə bu qədər çoxdur? Söhbət əməliyyat xərclərindən gedir. Bu sualların cavabı olmayınca biz dövlət şirkətlərindən normal bir idarəetmə görə bilməyəcəyik.

Amerikanın Səsi: Bu yaxınlarda nəqliyyat sahəsində 4 şirkət holdinqin idarə edilməsinə verildi. Bu həmin qurumlarin səmərəli fəaliyyətinin təmin olunmasına kömək edəcəkmi? Dövlət bu sahədə kardinal addımlara, bu şirkətlərin tam və yaxud qismən özəlləşdirilməsinə və yaxud xarici investorların idarə edilməsinə verilməsinə gedəcəkmi?

Azər Mehdiyev: Əslində dövlət investisiya holdinqinin fəaliyyət istiqamətlərində sizin dediyiniz məsələlər var. Onların özəlləşdirilməyə hazırlanması, xarici investorların cəlb olunması, idarəetməyə verilməsi. Artıq bilirik ki, Azərlotereya idarəetməyə verilib xarici şirkətə, Türkiyə şirkətinə. Ancaq burada da bir məsələ var. Birincisi, yaradılmış müşahidə şuraların tərkibinə baxın. Hamısı dövlət məmurlarıdır. Ancaq yenə prezidentin sərəncamı əsasında 2019-cu ildə Nazirlər Kabineti qərar qəbul eləmişdir. Orada göstərilirdi ki, bu müəssisələrdə yaradılacaq müşahidə şuralarının yarısından çoxu müstəqil şəxslər olmalıdır. Biz görürük ki, yenə dövlət məmurlarından ibarətdir. İkinci bir məsələ özəlləşdirmə məsələsidir. 2016-cı ilin sentyabrında Nazirlər Kabineti bir qərar qəbul edib, orada ortamüddətli dövrdə özəlləşdirilməsi gözlənilməyən müəssisələrin siyahısı təsdiq olunub. Və bütün iri dövlət şirkətləri o sihaıda var. Sadəcə olaraq indi bu holdinq yəni holdinqin bu müşahidə şurası təhvil veriləndən sonra həmin şirkətlərin daxilində çoxsaylı qeyri-profil müəssisələr var ki, onların ayrılıb özəlləşdirilməsi mümkündür. Yəni o baxımdan həmin dövrdə o iri şirkətlərin özəlləşdirilməsini gözləmirəm, gündəlikdə yoxdur. Ancaq hansılarınsa, yəqin ki, uzunmüddətli idarəyə verilməsi mümkün ola bilər. Yəni, bu da əslinə qalsa o şirkətlər üçün, onların dövlətsizləşdirilməsi istiqamətində mühüm bir addımdır. Təbii ki, bu prosesə həmin sahələrdə Avropanın tanınmış şirkətləri dəvət olunarsa artıq o Qərb menecmenti gətirilərsə onda effekt verilə bilər.

XS
SM
MD
LG