Accessibility links

Azər Qasımlı: Azərbaycan tam bir azad mühitdir, amma korrupsiya üçün


Siyasi təhlilçi Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda korrupsiyanı yaradan səbəblər və problemin həlli yollarından danışıb.

Amerikanın Səsi: Son zamanlar səhiyyə sahəsində bir sıra vəzifəli şəxslərin rüşvət alma ittihamı ilə həbsi geniş ictimai müzakirələrə yol açıb. Bu hadisələri hökümətin bəyan etdiyi korrupsiya ilə mübarizə siyasəti kontekstində necə qiymətləndirərdiniz?

Azər Qasımlı: Bildiyiniz kimi, korrupsiya məsələsi sistemli bir məsələdir və ilk növbədə Azərbaycan kimi bir ölkədə.Yəni korrupsiya elədir ki, əgər, yuxarıda olan şəxslər, ən yüksək səviyyədə korrupsiyaya bulaşmayıbsa təbii ki, aşağılarda korrupsiya varsa onunla mübarizə aparmaq olar. Amma yuxarılar, yaxud orta məmur təbəqəsi də korrupsiyaya qurşanıbsa aydındır ki, aşağılarda da korrupsiyalar olacaq. Bu, məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, hal-hazırda Azərbaycanda koronavirus pandemiyasıdır. Bu baxımdan, təbii ki, Azərbaycan iqtidarı bu məsələyə çox həssaslıqla yanaşır. Yəni, hansısa digər sahələrdə korrupsiya var, təbii ki, iqtidarın özü də bunu yaxşı bilir. Bu məsələyə dözümlü yanaşırlar. Əgər hakimiyyət üçün ciddi problem deyilsə hay-küy yaratmırlar. Amma bu məsələ məhz səhiyyə sektorunda olan korrupsiya hadisəsi bilavasitə insanların sağlamlığı ilə bilavasitə Azərbaycan iqtidarının koronavirusla mübarizə məsələsində apardığı iş ilə bağlıdır. Təbii ki, hakimiyyət burada daha həssas yanaşır. Mən bununla əlaqələndirərdim.

Amerikanın Səsi: Əvvəllər korrupsiya ilə bağlı hay-küylü həbslər daha çox şərti olaraq “köhnə qvardiya”nın üzvü adlandırılan şəxslərə aid edilirdi. Amma indi gənc kadrlar da eyni ittihamlarla həbs edilir. Bu həbslər hökumətin kadr islahatina etimadı azalda bilərmi?

Azərbaycanda mal, mülk sahibi olmaq üçün mütləq məmur olmaq lazımdır, hakimiyyətin içinə girmək lazımdır.

Azər Qasımlı: Problem yalnız kadrlarda deyil. Düzdür, kadrlarda da ciddi problemlər var, o, öz yerində. Amma bizdə problem sistemli problemdir. Söhbət ondan gedir ki, əgər Azəbaycanda açıq və tam müstəqil bazar iqtisasiyyatı mühiti olsaydı, insanların pul qazanma imkanları olsaydı və dövlət monopoliyalara getməsəydi, onları yığışdırsaydı, dövlət müdaxiləsi olmasaydı iqtisadiyyata, ilk növbədə kiçik və orta sahibkarlığa təbii ki, insanlar varlanmaq üçün, yaxud mülk sahibi olmaq üçün mütləq məmur olmaq istəməzdilər. Əksinə, bir çox ölkələrdə gənclər, məsələn, dövlət idarəçiliyinə can atmırlar, getmək istəmirlər, onlar daha çox özəl sektorda işləmək istəyirlər. Kompüter mühəndisliyi sahəsində işləmək istəyirlər. Digər müasir sahələrdə özlərini göstərmək istəyirlər. Bütün dünyada, inkişaf etmiş ölkələrdə, hansılarındakı demokratiya və azad bazar mühiti var, orada gənclər bu cür düşünür, belə hərəkət eləmək istəyir. Amma Azərbaycanda fərqlidi. Azərbaycanda mal, mülk sahibi olmaq üçün mütləq məmur olmaq lazımdır, hakimiyyətin içinə girmək lazımdır. Dövlətdə çalışmaq lazımdır. Azərbaycanın əsas problemi məhz bundan ibarətdi. Bu münasibətlər sistemi dəyişsə, yaxud ümumən iqtisadi siyasi sistemdə köklü islahatlar olsa, təbii ki, artıq kadr islahatlarının da bir mənası olardı. Yoxsa vəzifəyə gətirilən kadrlar da eyni çərçivədə qalırlar. Eyni iqtisadi-siyasi sistemdə fəaliyyət göstərirlər. Təbii ki, bu sistemdə onların korrupsiyaya qurşanması normaldır.

Amerikanın Səsi: Sizcə hansı sahələrdə korrupsiya daha geniş yayılıb?

Azər Qasımlı : Mən fikirləşirəm ki, bütün sahələrdə korrupsiya var. Amma ilk növbədə dövlət satınalmalarında korrupsiya var. Ən böyük korrupsiya ordadır. Bir məsələni də sizə deyək. Azərbaycanda oliqarxik bir iqtisadi-siyasi sistem formalaşıb. Bu da yuxarıdan aşağıya qədər öz təsirini göstərir. Korrupsion mexanizmini götürəndə də, ümumiyyətlə bu sistemin özü korrupsiondu. Bu sistemin özü tamamilə dəyişməlidir. İqtisadi, bunun yanında da ilk növbədə də siyasi islahatlar olmalıdır. Məhkəməsindən tutmuş ta iqtisadi və digər sahələrdə islahatlara qədər. Yəni bunlar olmayana qədər təbii ki, Azərbaycanda korrupsiya çox yüksək səviyyədə olacaq. Bir də çox önəmli məqam var ki, istənilən bir ölkədə gərək ictimai və siyasi bir mexanizm olmalıdır. Siyasi mexanizm ilk növbədə hakimiyyət bölgüsündən irəli gəlir. Yəni Azərbaycanda həqiqətən də xalq tərəfindən seçimli parlament olsaydı, parlamentin bir nəzarət funksiyası olacaqdı. Digər tərəfdən də sivil toplum güclü olsaydı Azərbaycanda təbii ki, ictimai nəzarət olacaqdı. Amma hal-hazırda heç biri yoxdur. Ona görə Azərbaycan tam bir azad mühitdir, amma korrupsiya üçün.

Amerikanın Səsi: Ölkədə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsındə vətəndaş cəmiyyəti hansı rol oynaya bilər?

Azərbaycanda həqiqətən də xalq tərəfindən seçimli parlament olsaydı, parlamentin bir nəzarət funksiyası olacaqdı. Digər tərəfdən də sivil toplum güclü olsaydı Azərbaycanda təbii ki, ictimai nəzarət olacaqdı.


Azər Qasımlı: Vətəndaş cəmiyyətinin işi nədir? Bir ümumi nəzarəti həyata keçirmək. Bunun yanında da tək vətəndaş cəmiyyəti də deyil, onun yanında da media bu rolu oynamalıdır. Ona görə də media müstəqil və azad olmalıdır. Bu da çox önəmli bir məsələdir. Yerli gəlmişkən bir çox demokratik ölkələrdə media dördüncü hakimiyyət hesab olunur. Təəssüflər olsun ki, Azərbaycanda medianın da vəziyyəti ürəkaçan deyil. İkinci funksiya ondan ibarətdir ki, hakimiyyətə və cəmiyyətə müəyyən təkliflər versinlər. Müəyyən layihələr hazırlasınlar. Parlamentarlara, icraedici hakimiyyətə, bələdiyyəyə və digər səviyyələrdə olan dövlət qurumlarına bu təklifləri verə bilərlər. Açıq şəkildə edə bilərlər ki, bunu hər kəs görsün. Bunu seçicilər, adi vətəndaşlar görsün. Bu iki əsas funksiyanı həyata keçirə bilərdilər. Amma bir daha deyək ki, Azərbaycanda bu sistem formalaşmayıb.

Amerikanın Səsi: Bir sıra yerli və beynəlxalq ekspertlər Azərbaycanda korrupsiya ilə bağlı islahatları daha çox dekorativ xarakter daşıdığını deyir. Sizcə səbəb nədir, bu qədər korrupsiyanın olmasının kökündə nə durur?

Yəni yuxarıdan olan şəxslər özləri korrupsiyaya qurşanmamalıdırlar, təmiz olmalıdırlar.

Azər Qasımlı: Bilirsiniz, çox gözəl fikirlər demək olar. Baxın, məsələn mən indi sizə müsahibə verirəm. Parlament nəzarəti, şəffaf seçkilər, bələdiyyə, özünüidarəetmə qurumları, hakimiyyət bölgüsü. Bunlar hamısı terminalogiyalardır, sistemlərdir. Amma sadə insanların dili ilə desək, bax, korrupsiyanın belini qırmaq üçün, gərək yuxarıda oturan da korrupsiyaya qurşanmasın. Aşağıda korrupsiyaya qurşananların da hamısını içəriyə atmalıdırlar. Tam xalqın dili ilə deyirəm. Yəni bu cür olmalıdır. Necə ki, vaxtı ilə Li Kuan Yu ( Sinqapur siyasətçisi, Sinqapurun üçüncü Baş Naziri, Sinqapur iqtisadi möcüzəsinin yaradıcısı-red) dönəmində olub ki, Sinqapurda ən yaxın dostunu həbs etdirmişdir, hansı ki, korrupsiyaya qurşanmışdır. Eynisini, Gürcüstanın adını çəkə bilərik. Mixail Saakaşvilinin dönəmində, o da öz komandasından olan adamları, öz yaxın qohumlarını belə həbs etmişdir. İşdən çıxartmışdır. Cinayət işləri açdırmışdır. Yəni yuxarıdan olan şəxslər özləri korrupsiyaya qurşanmamalıdırlar, təmiz olmalıdırlar. Təbii ki, öz ətrafında olan kimliyindən aslı olmayaraq korrupsiyaya qurşanan birisi varsa onu mütləq həbs etməlidirlər. Açıq məhkəmə olmalıdır. Bütün vətəndaşlar, insanlar bu məhkəməni seyr etməlidir və bu insanları görüb tanımalıdır. Belə olsa məmurlar da, adi vətəndaşlar da biləcəklər ki, ölkədə həqiqətən də korrupsiyaya qarşı mübarizə var. Bax, bu olmalıdır. Gözəl sözlər demək olar, təkliflər vermək olar. Kimlərsə hətta manipuliyasiya da edə bilər bu sözlərlə, bunun arxasında da gizlənə bilər. Amma hər şey sadədir, yuxarı götürməsə aşağıda korrupsiya olmayacaq.

Qeyd: Azərbaycan hakimiyyəti ölkədə korrupsiyaya qarşı hərtərəfli mübarizə aparıldığını bildirir. Son illərdə çoxsaylı icra hakimiyyəti başçıları, yüksək vəzifəli məmurlar rüşvət və korrupsiya əməllərinə görə məhkum edilib. Hökumət korrupsiyaya qarşı mübaizə kimi gizli iqtisadiyyatın aradan qaldırılmasının vacibliyini bəyan edib.

Bununla yanaşı, Azərbaycan 2020-ci ildə beynəlxalq korrupsiya qavrama indeksinə görə, 180 ölkə arasında 129-cu yerdə qərarlaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG