Accessibility links

Azər Qasımlı: Kadr seçimində sədaqət prinsipi əsas götürülür


Azər Qasımlı
Azər Qasımlı

Siyasətçi Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda idarəetmə sistemindəki problemlərdən danışıb.

Amerikanın Səsi: Son zamanlar bir neçə rayonun icra hakimiyyəti başçısı korrupsiya və rüşvətxorluqda ittham olunaraq həbs olunub. Bu nəyin göstəricisidir - kadr siyasətində səhvlərin, yoxsa idarəetmə sisteminin qüsurlu olmasının?

Kadr seçimində həm ədalət prinsipi, həm savadlılıq prinsipi, bunların heç biri gözlənilməyib. Bunlar işçiləri yalnız sədaqət prinsipi ilə işə götürüblər.

Azər Qasımlı: Mən hesab edirəm ki, bu hər ikisinin göstəricisidir. Həm, bir tərəfdən kadrlar həqiqətən də uyğun deyil. Çünki bir çoxu köhnə sovet nomenklaturasına daxil olan insanlar idi və o Sovet sistemindən qalan insanlar idi. Amma bir qismi təbii yeni insanlar idi. O baxımdan ki, təzə bu vəzifələrə gətirilmişdilər. Onların sayı korrupsioner olmamaq, rüşvət almamaq, xalqın sözü ilə deyil icra strukturunun başında olan şəxsin və yaxud şəxslərin dediklərini etmək, onların tapşırıqları ilə oturub-durmaq, bu normaldir. Çünki sistem bunun üzərində qurulub. Ona görə də mən hesab edirəm, bir tərəfdən kadrlar özləri uyğun deyil, yəni müasir 21-ci əsrə uyğun kadrlar deyil. Bu kadr seçimində həm ədalət prinsipi, həm savadlılıq prinsipi, bunların heç biri gözlənilməyib. Bunlar işçiləri yalnız sədaqət prinsipi ilə işə götürüblər. Həm də ki, təbii, bir çoxları rüşvət verib işə gəliblər. Yəni, bu kadrlar 21-ci əsrə uyğun deryil. Digər tərəfdən də sistemin özü də ki, köhnə, Heydər Əliyevdən qalan bir sistemdir. Qeyri-demokratik, qeyri-şəffaf bir sistemdir. Təbii ki, nəticəsi də belə olmalı idi.

Amerikanın Səsi: Fikrinizcə icra hakimiyyətinin idarə etməsində səmərəliliyin artırılması üçün nə edilməlidir?

Bələdiyyə seçkiləri şəffaf, demokratik şəraitdə keçirilməlidir. İcra hakimlərinin indiki səlahiyyətlərinin bir çoxu yerli bələdiyyələrə verilməlidir.

Azər Qasımlı: Birincisi, struktur islahatları həyata keçirilməlidir. Yəni hakimiyyətin özündə. Kiçik hökumət modelinə keçilməlidir. Bunun yanında da təbii ki, digər sahələrdə islahatlar olmalıdır. Yəni ərazi bölgüsü vahidlərini dəyişmək lazımdır, azaltmaq lazımdır. İcra hakimiyyətlərinin sayını azaltmaq lazımdır. Birinci mərhələdə ola bilsin ki, onların sayını azaltmaqla yanaşı, həmçinin səlahiyyətlərini də azaltmaq lazımdır. Amma irəlidə mən düşünürəm ki, ikinci mərhələ olaraq ümumiyyətlə icra hakimiyyətlərinin yerinə Azərbaycan bölgələrində sayları da azalmalıdır. İcra nümayəndələri də olmaldır. Elə bil ki, mərkəzi icra aparatının funksiyalarını yerlərdə həyata keçirməldirlər. Amma burada onu da qeyd edim ki, ola bilsin ki, hətta icra nümayəndələrinə də ehtiyac yoxdur. Onların funksiyasını yerlərdə asan xidmətləri də həyata keçirə bilərdilər. Bunun yanında da bələdiyyələrin səlahiyyətləri böyüməlidir, çoxalmalıdır. Bələdiyyə seçkiləri şəffaf, demokratik şəraitdə keçirilməlidir. İcra hakimlərinin indiki səlahiyyətlərinin bir çoxu həmin bələdiyyələrə, yerli bələdiyyələrə verilməlidir. Bu yerlərdə keçən islahatlardı. Təbii ki, ikinci mərhələdə kadrlarla bağlıdır. Bayaq dediyim kimi 21-ci əsrin fəlsəfəsinə uyğun olan yeni insanlar irəli çəkilməlidir. Yeni insanlar olmalıdır.

Azər Qasımlı: Kadr seçimində sədaqət prinsipi əsas götürülür
please wait

No media source currently available

0:00 0:09:47 0:00

Amerikanın Səsi: Son bir ildə mərkəzi hakimiyyətin quruluşunda, o cümlədən Nazirlər Kabineti va Prezident Administarasiyasında struktur dəyişiklikləri baş verib. Bu addımlar idarəetmədə səmərəliliyi artırıbmı?

Bunun məqsədi Azərbaycanda idarəetmədə səmərəliliyin artırılması deyil, imitasiyadır.

Azər Qasımlı: Xeyr, səmərəliliyi artırılmayıb. Ümumiyyətlə, bunun məqsədi Azərbaycanda idarəetmədə səmərəliliyin artırılması deyil, imitasiyadır. Sadəcə kimlərisə dəyişməkdir. Diqqət edin, hansısa bir strukturda hansısa bir orqan, yaxud hansısa bir idarə ləğv olunur. Onun yerinə daha biri və ya ikisi yaradılır. Bu özü kökündən səhvdir. Daha əvvəl qeyd etdim ki, kiçik hökümət tərəfdarıyam. Hesab edirəm ki, Azərbaycanda da kiçik hökümət olmalıdır. Daha effektiv, daha səmərəli, daha çevik və daha az insanlardan ibarət bir struktur olmalıdır. Amma bunun yanında da daha çox çalışan, daha çevik struktur olmalıdır. Dövlət büdcəsinə də, bunun təbii ki, müsbət təsiri olacaq, mən belə düşünürəm. Digər tərəfdən də əlbəttə ki, bunu biz hər zaman demişik ki, Azərbaycan klassik prezident respublikası deyil. Əgər Azərbaycanı klassik respublika kimi görürüksə, onda biz klassik prezident üsul-idarəsinə keçsək daha məqsədli olmalıdır. Bu o deməkdir ki, Nazirlər Kabineti ümumiyyətlə ləğv olunmalıdır. Nazirlər Kabinetinin funksiyasını Prezident Administrasiyası həyata keçirməlidir. Prezident özü şəxsən idarəetməyə, bütün sahələrə cavabdeh olmalıdır. Hansısa nazirlərin və yaxud idarə başçılarının arxasında gizlənməməlidir. Yəni ilk növbədə bunu etmək. Parlament respublikası quracağıqsa, təbii ki, orada prezident olsa da parlament tərəfindən seçiləcək. Onun funksiyaları indiki prezidentin funksiyaları qədər olmayacaq. Bax onda, böyük Prezident Administrasiyasına ehtiyac qalmayacaq. Lakin Nazirlər Kabineti olacaq. Nazirlər Komitəsinə də baş nazir cavabdeh olacaq. O da seçkilərdə qalib gələn partiyanın sədri və ya lideri olmalıdır. Amma bu, ideal variantlardır. Azərbaycanda belə deyil, təbii ki. Nə birincisidir, nə ikincisidir. Ona görə Azərbaycanda bu vəziyyətdir. Məhz buna görə də, biz deyirik ki, Azərbaycan iqtidarı o struktur islahatları ilə dediyi, o dəyişikliklər var, bunlar hamısı imitasiya xarakteri daşıyır.​

Amerikanın Səsi: Prokurorluqda olan dəyişiklik barədə nə deyə bilərsiniz?

Nə qədər ki, bu sistemdir, yəni özü-özünü təyin edən şəxsdən hər şey asılıdır, bu, belə də olacaq.

Azər Qasımlı: Bu strukturda heç bir dəyişlik olmayıb. Sadəcə Baş Prokuroru dəyişiblər. Problem ondan ibarətdir ki, baş prokuror məhz yenə də prezident tərəfindən təyin olunan bir şəxsdir və sistem nə qədər ki, öz-özlüyündə şəffaf deyil və qeyri-şəffaflığı da məhz Azərbaycanda seçkilərin, ilk növbədə prezident seçkilərinin qeyri-şəffaf olmasındadır. Yəni, adamın özünü təyin etməsindən söhbət gedir. Biri var xalq seçsin, biri də var adam özünü təyin etsin. Əgər İlham Əliyev özü-özünü təyin edirsə, təbii ki onun təyin etdiyi hansısa prokuror və yaxud da hansısa bir nazir məhz həmin insanın İlham Əliyevin dediyi ilə oturub-duracaq, onun üçün parlament deyə bir şey olmayacaq, parlamentin qarşısında cavabdehlik, parlamentin qarşısında hesabatlıq və s. olmayacaq. Zatən elə parlament də özü-özünü təyin edən insan tərəfindən təyin olunur. Nə qədər ki, bu sistemdir, yəni özü-özünü təyin edən şəxsdən hər şey asılıdır, bu, belə də olacaq. Həmin o şəxs insanların hüquq və azadlığını bir heç hesab edəcək. Məsələn, indi deyildi ki, siyasi təqiblər olmamalıdır, amma olacaq. Çünki birinci şəxs bunu istəyəcəksə, belə bir göstəriş verəcəksə bu olacaq. Yəni baş prokuror necə daha əvvəlki hüquq onun üçün bir heç idisə, eyni şəkildə indi təyin olunan üçün də elə olacaq.

Amerikanın Səsi: Ümumiyyətlə idarəetmə sistemi pandemiyanın yaratdığı problemlərdən və neftin kəskin ucuzlaşmasından yaranan çətinlikər şəraitində nə dərəcə çevik fəaliyyət göstərir?

Azər Qasımlı: Çeviklik dedikdə, ümumiyyətlə qəbul olunmuş bir prinsip var ki, demokratiyalarda qərarlar bir az çətinliklə verilir. Çünki bütün qərarları uzlaşdırmaq lazımdır, müzakirə etmək lazımdır. Hər tərəfin düşüncələrini dinləmək lazımdır və s. Amma onu da qeyd edim ki, bir çox Avropa ölkələri demokratik ölkə olduqlarına baxmayaraq çox çevik qərar verdilər. Yəni demokratiyaların özündə də müəyyən belə problem yarananda bu çeviklik mexanizmi işə düşə bilir. Amma yenə də demokratik ölkələr bu haqda düşünməlidirlər. O ki, qaldı konkret Azərbaycana, Azərbaycan demokratik ölkə deyil. Yarı qapalı ölkədir. Məhz buna görə də bu sistem bizə daha çevik gələ bilər. Çünki ehtiyac yoxdur parlamentdə hansısa bir məsələni müzakirə etmək, palamentdə hansısa bir qərar qəbul etmək, bələdiyyələrlə danışmaq, onlarla müəyyən məsələni uzlaşdırmaq. Yuxarıda bir qrup yaradılır. Bir 4-5 nəfərdən ibarət. Həmin quruma da müəyyən səlahiyyətlər verilir. Deyir ki filan işləri görməlisiniz. Bu qədər. Həmin qrup da gedir yuxarıdan piramida olaraq aşağılara bütün tapşırıqları verir. Bizə elə gəlir ki, bu sistem çevikdir. Müəyyən çeviklik var. Amma məsələnin problemi ondadır ki, çeviklik məsələnin bir tərəfidir, amma onun effektivliyi nədir? Hesab edirəm ki, bizi daha çox maraqlandıran effektivlik məsələsidir. Hər zaman da onu düşünməliyik.

XS
SM
MD
LG