Meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu avqustun 5-də Türkiyəyə yola düşüb.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 3-cü qrup 150 nəfər şəxsi heyət 40 ədəd texnikadan ibarətdir.
Bir ədəd "BE-200ÇS" tipli amfibia təyyarəsi isə səhər saatlarında yola salınıb.
İyulun 30-da Azərbaycan Baş naziri Əli Əsədov ilə Türkiyə Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olmuşdu.
Telefon danışığında meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanmışdı.
"Azərbaycan Prezidentinin ... göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək", deyə bildirilirdi.
İyulun 28-i və 29-dan başlayaraq Türkiyənin 20-dən çox vilayətində baş verən 100-dən artıq meşə yanğını nəticəsində azı səkkiz nəfərin həlak olduğu bildirilir. Yanğın nəticəsində bir çox heyvanın tələf olduğu, bir çox ev, iaşə obyektlərinin yararsız vəziyyətə düşdüyü deyilir.
Avropa Birliyi, Azərbaycan, Ukrayna və İran alovla mübarizə aparmaq üçün Türkiyəyə xüsusi təyyarələr göndəriblər.
Hazırda ölkənin digər yerlərində də yanğınlar davam edir.
Hakimiyyət bunun qəsdən törədildiyini istisna eləmir və cavabdehlərin tapılıb, məsuliyyətə cəlb olunacaqlarını bəyan edib.