Accessibility links

Azərbaycanın 2022-ci ilin dövlət büdcəsinin 15 faizi müdafiə və təhlükəsizlik qabiliyyətinin möhkəmləndirilməsinə xərclənəcək


2022-ci ilin dövlət büdcəsi xərclərinin 15 faizi, 4 milyard 490 milyon manat həcmində vəsaiti müdafiə və təhlükəsizlik qabiliyyətinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

Maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib ki, Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədinin etibarlı qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi növbəti ilin dövlət büdcəsinin prioritet xərclərinin vacib istiqaməti olacaq.

Bununla yanaşı nazir bildirib ki, 2022-ci ildə Azərbaycanın silah arsenalının yenilənməsinə 500 milyon manat ayrılıb.

O deyib ki, Vətən müharibəsi zamanı istifadə və çıxdaş olunmuş silah və sursatların, hərbi texnikaların yenilənməsi, o cümlədən bir sıra hərbi texnika və avadanlıqların ehtiyatlarının yaradılması və bərpası üçün gələn ilin dövlət büdcəsindən əlavə olaraq 500 milyon manat vəsait ayrılacaq.

Şərifov vurğulayıb ki, bununla da xüsusi müdafiə təyinatlı xərclər 2 milyard 100 milyon manata çatdırılıb.

2022-ci ilin büdcə paketinə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “ İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri qanun layihələri daxildir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG