Azərbaycan hökuməti Türkiyədən 4 milyon ədəd koronavirus vaksini almağı qərara alıb.
Bu barədə Azərbaycanın yerli mediası hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumatlarda deyilir ki, vaksin Türkiyənin “Keymen İlaç” şikrətindən alınacaq. Qarşılığında isə şirkətə 80 milyon manat civarında vəsait ödəniləcək.
Hökumətin qərarına görə, vəsaitin bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fondu, digər hissəsi isə Maliyyə Nazirliyi tərəfindən qarşılanacaq və ilkin mərhələdə “Keymen İlaç” şirkətinə ümumi məbləğin 50 %-i ödəniləcək.
TƏBİB sədri Ramin Bayramlı qeyd edib ki, insanlara vaksinin hər iki dozası vurulacaq.
“Birinci dozanı qəbul edən insanlara ikinci dozanı vurdurmaları üçün xəbərdarlıq ediləcək. Elektron sistem e-təbib proqramı üzərində olacaq. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, bizim tərəfimizdən barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim ediləcək,” o qeyd edib.
Bununla yanaşı, sentyabrın 25-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.
Bayramlı deyib ki, sazişə əsasən, Azərbaycan əhalisinin 10 faizə qədəri üçün peyəndin COVAX platforması çərçivəsində alınması nəzərdə tutulub. "Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dolları avans məbləği şəklində ödənilməlidir. Vaksinin tam təhlükəsizliyi ilə bağlı sınaqlar tam başa çatdıqdan sonra alacağımız vaksinin ödənişinin digər hissəsi ödənilməlidir. Hökumətin qərarına əsasən, bu ödəniş Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılmalıdır", o bildirib.