Accessibility links

Azərbaycanın bir neçə yüz yanğınsöndürəni Türkiyədə yanğınların söndürülməsində iştirak edir


Azərbaycan yanğınsöndürənləri Türkiyədə yanğınların söndürülməsində iştirak edir
Azərbaycan yanğınsöndürənləri Türkiyədə yanğınların söndürülməsində iştirak edir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınların söndürülməsi əməliyyatlarını davam etdirir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avqustun 1-də Marmaris bölgəsində yanğınlarla mübarizə aparan Azərbaycan yanğınsöndürənləri bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısını alıb.

“Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, nazirliyin qüvvələri yanğınlarla mətinliklə mübarizə aparır,” məlumatda qeyd edilir.

Yanğın-xilasetmə qrupuna Fövqəladə Hallar Nazirliyinin "Amfibiya" təyyarəsi, 1 ədəd helikopteri, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 ədəd tibbi yardım avtomobili, bir neçə yüz yanğınsöndürən və xilasedicilər daxildir.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli sosial media hesabında bildirib ki, hazırda davam edən yanğınlarla mübarizədə 13 təyyarə, doqquz insansız hava vasitəsi (İHA), 45 helikopter, bir insansız helikopter, 708 yanğınspndürən maşın və su tankeri, 120 iş maşını və təxminən 4800 canlı qüvvə iştirak edir.

Nazir indiyədək ölkənin müxtəlif bölgələrində 111 yanğının nəzarət altına alındığını, üç vilayətin altı bölgəsində davam edən yanğınların söndürülməsi istiqamətində gücləndirilmiş işlərin aparıldığını qeyd edib.

Bu gün, avqustun 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı zamanı baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, Ceyhun Bayramov Azərbaycanın yanğınların söndürlməsində bundan sonra da hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG