Accessibility links

Azərbaycanın dövlət büdcəsində bir barel neftin qiyməti 55 dollardan 35 dollara endirilir


Milli Məclisin avqustun 5-də keçirilən növbədənkənar plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Dəyişikliklər nəticəsində dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat (əvvəllər təsdiqlənmiş dövlət büdcəsi ilə müqayisədə 0,1% az) səviyyəsində təsdiqlənib, xərclər 27 milyard 492 milyon manat (artım 2,2%) təşkil edəcək.

Dövlət büdcəsində bir barel neftin qiyməti 55 dollardan 35 dollara dəyişdirilib.

Dəyişikliklər nəticəsində 2020-ci il dövlət büdcəsinin kəsiri əvvəllər təsdiq edilmiş 2 milyard 760.2 milyon manata qarşı 3 milyard 368.2 milyon manata və ya ÜDM-in 4.9%-ə qədər artacaq. 2020-ci ildə ÜDM-in 5% azalması proqnozlaşdırılır.

Dövlət Neft Fondundan 2020-ci il üçün dövlət büdcəsinə transfertlərin 12 milyard 200 milyon manata qədər artırılması planlaşdırılır (təsdiq edilmiş rəqəmlə müqayisədə 7,5% artım).

Səhiyyə sahəsində xərclərin 1 milyard 716 milyon 600 min manata (artım 25.4%), Prezidentin Ehtiyat Fondundan vəsaitlərin 60% - 480 milyon manata, iqtisadi və digər islahatlara xərclərin 18% - 1 milyard 231,08 milyon manata qədər çatdırılması planlaşdırılır.

COVID-19 ilə əlaqədar dövlət büdcəsindəki dəyişikliklərdən sonra səhiyyə sahəsinə əlavə 369 milyon manat, əhalinin sosial müdafiəsinə 238 milyon manat, dövlət şirkətlərinə dəstək üçün 136.6 milyon manat, biznesi dəstəkləmək üçün 100 milyon manat ayrılacaq.

Dəyişikliklər nəticəsində 2020-ci il dövlət büdcəsinin kəsiri əvvəllər təsdiq edilmiş 2 milyard 760.2 milyon manata qarşı 3 milyard 368.2 milyon manata və ya ÜDM-in 4.9%-ə qədər artacaq.

2020-ci ildə ÜDM-in 5% azalması proqnozlaşdırılır.

Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib.
Sahibə Qafarova, Milli Məclisin sədri

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib.

“Bununla əlaqədar Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib,” o qeyd edib.

Maliyyə naziri Samir Şərifov deyib ki, 2020-ci ildə yeni növ koronavirus epidemiyasının pandemiyaya çevrilməsi bütün dünya dövlətləri qarşısında yeni çağırışlar formalaşdırıb.

“Böhranın əsas xüsusiyyətlərindən biri istehlak tələbinin kəskin azalmasıdır. 6 ayın nəticələrinə nəzər salsaq, görəcəyik ki, ÜDM-də artıq geriləmə prosesi başlayıb. İqtisadiyyat tədricən tənəzzül məcrasına daxil olub. Buna görə də büdcəyə dəyişikliklərə ehtiyac yaranıb. ÜDM-nin düşməsinin 5%-dən az olmayacağını proqnozlaşdırırıq. İqtisadiyyatın əksər sektorunda geriləmə müşahidə olunur. Eyni zamanda bizim gəlirlərimizin azalmasına neftin qiyməti də təsir göstərir. Neftin büdcədə qiymətinin 55 dollar götürülməsi də buna səbəb olur,” nazir qeyd edib.

İqtisadiyyat tədricən tənəzzül məcrasına daxil olub. Buna görə də büdcəyə dəyişikliklərə ehtiyac yaranıb.
Samir Şərifov, maliyyə naziri

Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, yeni iqtisadi paket işlənib hazırlanan zaman 5 aylıq dövr yaxşı araşdırılmalıdır.

“Sahibkarlığa ciddi dəstəyin verilməsi vacibdir. Həmçinin bu gün işsizlər və imkansızlar ağır vəziyyətə düşüb. Təklif edirəm ki, problemlərin həllinə nail olmaq üçün başlanılan islahatlar daha da dərinləşdirilsin,” deputat belə hesab edir.

Deputat Erkin Qədirli təhsil haqlarının azaldılması təklif edilib.

“Pandemiya ilə əlaqədar olaraq universitetlərdə və məktəblərdə dərslər demək olar ki, keçirilməyib.Təklif edirəm ki, təhsil haqları yarıbayarı azaldılsın,” o qeyd edib.

Deputat Fazil Mustafa deyib ki, bu gün insanlar sadəcə xəstəliklə mübarizə aparmır, yaşamaq uğrunda da mübarizə aparır.

Təklif edirəm ki, təhsil haqları yarıbayarı azaldılsın.
Erkin Qədirli, deputat

“190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir və bunu heç bir halda kəsmək olmaz. Vətəndaşın narazılığına səbəb olan situasiyanı aradan qaldırmalıyıq. Buna görə də xərclər hissəsində bu, əsas götürülməlidir. Ayın 31-nə qədər hər yer bağlıdır. İşləməyən yüzlərlə, minlərlə insan nə ilə dolanmalıdır? Hökumət bütün səyləri sosial gərginliyin aradan qaldırılmasına yönəltməlidir,” deputat bildirib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, ötən ildən tətbiqinə başlanan yeni büdcə qaydasına əsasən müəyyənləşdirilən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinə bu ilin büdcəsində əməl olunmayacaq.

ARDNŞ dövlət büdcəsinə təsdiq edilmiş proqnozdan 210 milyon manat və ya 14,5 faiz, BP isə Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi üzrə təsdiq edilmiş proqnozdan 180 milyon manat və ya 24,7 faiz az ödəniş edəcək.
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

“Yeni büdcə qaydası üzrə 2020-ci il üçün neftin bir barelinin orta illik qiymətinin 35 ABŞ dolları fərziyyəsi əsasında büdcə parametrlərini yenidən hesabladıqda Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin gözlənilən həcmləri təqribən 2,5 milyard manat azaldılmalıdır. Amma Maliyyə Nazirliyi qaydaların tətbiqini dayandırıb, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti təsdiq olunmuş 11350 milyon manatdan 12200 milyon manatadək artırmağı təklif edir. Beləliklə də 2020-ci ilin dürüstləşdiriləcək dövlət büdcəsində 1 il bundan əvvəl tətbiqinə başlanan yeni qaydaların dayandırılması (burda bu hökümətin "uzaqgörənliyi" bəlli olur) hesabına Fonddan transferin 850 milyon manat artırılması sayəsində büdcədə neft gəlirlərinin payı 58 faizə çatdırılır.

Dürüstləşdiriləcək büdcədə neft sektorundan proqnozlaşdırılan 13990 milyon manatın 87,2 faizini və ya 12200 milyon manatını Dövlət Neft Fondundan transfert, 12,8 faizini və ya 1790,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan (ARDNŞ və BP-dən) daxilolmalar təşkil edir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1240 milyon manat və neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 550 milyon manat nəzərdə tutulur ki, bu da o deməkdir ki, ARDNŞ dövlət büdcəsinə təsdiq edilmiş proqnozdan 210 milyon manat və ya 14,5 faiz, BP isə Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi üzrə təsdiq edilmiş proqnozdan 180 milyon manat və ya 24,7 faiz az ödəniş edəcək. Azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsi və OPEK+ sazişi üzrə hasilat həcmlərinin aşağı düşməsi ilə əlaqədardır,” o qeyd edib.

XS
SM
MD
LG