Accessibility links

Azərbaycan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etmək üçün müraciət edib


Azərbaycan Xarici İşlər Nazirliyinin cümə axşamı yaydığı bəyanatda deyilir ki, Azərbaycan tərəfi dost ölkələrə müraciət edərək, Azərbaycanın diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin azərbaycanlıların təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır.

“Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir,” bəyanatda deyilir.

Bəyanat 21 iyulda ABŞ-ın Los Anceles şəhərində Azərbaycanın Baş Konsulluğu qarşısında və Belçikanın Brüssel şəhərində erməni və azərbaycanlı diaspora nümayəndələri arasında baş vermiş və bədən xəsarəti ilə nəticələnmiş qarşıdurmadan sonraya təsadüf edir.

"Xatırladırıq ki, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir." bəyanatda qeyd edilir.

Ermənistan Los Ancelesdəki Baş Konsulluğu baş vermiş insidenti "azərbaycanlıların törətdikləri təxribat" kimi təsvir edərək onu pisləyib.

"Hadisələrin gedişatını nəzərə alsaq, aydındır ki, erməni icmasının dinc etirazına maneəçilik törətmək öncədən planlaşdırılıb," erməni rəsmilər bildirib.

Baş Konsulluq Los Ancelesdə dinc etirazçılara qarşı baş vermiş zorakılıqları "qəbuledilməz" hesab etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Los Anceles və Brüsseldəki diplomatik missiyalarının yaxınlığında baş vermiş insidentlərlə əlaqədar saxlanılanlar var.

Xarici işlər nazirinin müavini Xələf Xələfov brifinqdə deyib ki, onunla görüşdə ABŞ səfiri Los Anceles polisinin araşdırmalara başladığını nəzərə çatdırıb.

“Biz görüşdə səfirliyimizin mühafizəsi məsələsini geniş müzakirə etdik. İnanırıq ki, tək Los Ancelesdə, Vaşinqtonda deyil, digər dost ölkələrdə də səfirliklərimizin mühafizəsi artırılacaq. Biz bununla bağlı həmin ölkələrə müraciət etmişik. İnanıram ki, gələcəkdə belə hallar olmayacaq,” nazir müavini vurğulayıb.

ABŞ səfirliyi diplomatik danışıqların məzmunu barədə açıqlama verməyib.

XS
SM
MD
LG