Accessibility links

Azərbaycanın İranla sərhədində silahlı insident olub, bir nəfər öldürülüb


Sərhəd Xidməti təlim zamanı
Sərhəd Xidməti təlim zamanı

Aprelin 22-də Azərbaycanın İranla sərhədində narkotik qaçaqmalçıları ilə atışma nəticəsində bir qaçaqmalçı ölüb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin aprelin 23-də yaydığı məlumatda deyilir ki, Azərbaycanın dövlət sərhədinin Yardımlı rayonundakı Daşkənd kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığındakı ərazidə pozulması müəyyən edilib, sərhədi 3 nəfər pozub.

Sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri ölüb, digər ikisi geriyə, İran ərazisinə qaçıb.

“Hadisə yerində ümumi çəkisi 2 kiloqram olan həşiş qətranına bənzər narkotik vasitə, bir ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi və 6 ədəd pat­ron aşkar olunub,” Sərhəd Xidməti bildirir.

Məlumata görə, hadisə ilə bağlı İran tərəfin sərhəd nümayəndəsi ilə görüş keçirilib.

Öz növbəsində, sərhəd pozucusu kimi təqdim edilən şəxlərin vəkilləri və ya ailə üzvləri baş vermiş hadisə ilə bağlı hələ açıqlama verməyib.

Azərbaycan hüquq mühafizə orqanlarının məlumatına görə, sonuncu dəfə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 113 kiloqram narkotik vasitə aprelin 17-də tutulub. İki Azərbaycan, bir İran vətəndaşı həbs edilib.

Ümumuilikdə son illər ərzində hüquq-mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.

İki ölkə sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, İranla sərhəddə silahlı insidentlər zamanı Azərbaycan sərhədçiləri də daxil olmaqla bir neçə nəfər ölüb və ya yaralanıb.

XS
SM
MD
LG