Accessibility links

Kazlariç və Kramer: Azərbaycanın insan haqları pozuntuları biabırcasına cəzasız qalır


Riçard Kazlariç və Deyvid Kramer

"Rusiyadakı bərbad insan haqları vəziyyətinə çox diqqət ayrılır. Lakin Azərbaycandakı korrupsioner və qəddar rejimə adətən diqqət yetirilmir. Bunun bir səbəbi Azərbaycan hökümətinin enerjidən əldə edilən gəlirlərdən Qərbdəki siyasətçilər və tərəfdaşları satın almaq üçün istifadə etməsidir. Digər bir səbəb isə odur ki, prezident İlham Əliyev Azərbaycanı İranın yaxınlığında yerləşən və Qərb üçün geo-siyasi önəm daşıyan mötədil müsəlmanların əksəriyyət təşkil etdiyi (amma dini baxımdan tolerant olan) bir ölkə kimi təqdim edir."

Bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç və Florida Beynəlxalq Universitetinin baş elmi işçisi Deyvid Kramerin Avropa Siyasi Təhlil Mərkəzində dərc olunan məqaləsində yazılıb.

Prezident İlham Əliyev Azərbaycanı İranın yaxınlığında yerləşən və Qərb üçün geo-siyasi önəm daşıyan mötədil müsəlmanların əksəriyyət təşkil etdiyi (amma dini baxımdan tolerant olan) bir ölkə kimi təqdim edir.

Məqalə müəlliflərinin sözlərinə görə, Qərb “Avropanın son diktatoru” adlandırılan Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyada insan haqları pozanlara qarşı sanksiyalar tətbiq etsə də, Əlieyə qarşı oxşar cəzalar tətbiq olunmayıb.

Onların yazdığına görə, Qərb ölkələri siyasi məhbusların azadlığa buraxılmasını alqışlayır, amma onlar bunun əvəzinə rejimə bu cəsur insanların başdan bəri həbs olunmamalı olduqlarını xatırlatmalıdırlar.

"Bunun nəticəsidir ki, rejim müxalifət fəallarını, gənc blogerləri, və ya araşdırmaçı jurnalistləri həbs edir və onlara qarşı saxta ittihamlar irəli sürür. Saxta məhkəmə prosesindən sonra həmin insanlar həbsxanaya göndərilir, ailələri və dostları polis tərəfindən təzyiqlərə məruz qalır. Məsələ ictimailəşdiriləndən sonra xarici ölkələrdən “təzyiqlər” (sakit diplomatiya) olunur və rejim azalan nüfuzunu yenidən bərpa etmək qərarına gəlir və məhbusları azadlığa buraxır. Bu da Qərb ölkələrinin səfirlikləri və insan haqları qurumları tərəfindən alqışlarla qarşılanır. Məsələn, ABŞ səfirliyi aprel ayının sonunda belə bir bəyanat yaymışdı:

Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Avropa İnsan Hüquqları Məhkəməsinın 2017-ci ildə açıqladığı qərara uyğun olaraq Azərbaycan Ali Məhkəməsi tərəfindən Respublikaçı Alternativ Partiyasının Sədri İlqar Məmmədov barəsində verdiyi bəraət qərarını alqışlayir. Səfirlik həmçinin hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarının verilməsini alqışlayir. Səfirlik jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, habelə söz azadlığı hüququndan istifadə edən siyasi müxalifət üzvlərinə qarşı aparılan hədə-qorxu və həbs fəaliyyətlərinin sonu üçün atılan müsbət addımları alqışlamağa hazır olduğunu bildirir. Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən, həm də başqa məsələlər ilə bağlı dialoq üçün hazır olduğumuzu bəyan edirik.

Müxalifət lideri Tofiq Yaqublu Prezident İlham Əliyevin müxalifəti hədələməsi ilə müşayiət olunan çıxışından az sonra həbs olunub. Beynəlxalq insan haqları qurumları bu ittihamları qondarma və siyasi motivli hesab edir.
Müxalifət lideri Tofiq Yaqublu Prezident İlham Əliyevin müxalifəti hədələməsi ilə müşayiət olunan çıxışından az sonra həbs olunub. Beynəlxalq insan haqları qurumları bu ittihamları qondarma və siyasi motivli hesab edir.

Əliyev bir gün bir neçə siyasi məhbusu azadlığa buraxır, növbəti gün yenilərini həbs edir. Səfirlik və Dövlət Departamenti bunu bilir və yuxarıda qeyd edilən bəyanatda “jurnalislər, vətəndaş cəmiyyəti fəalları və siyasi müxalifətin üzvlərinə qarşı təqiblər və həbslərin” davam etdiyi də təsdiq olunur. Bəli, siyasi səbəblər üzündən həbs olunanların azadlığa buraxılması yaxşı haldır, amma ABŞ höküməti bu durumu 'alqışlamamalıdır', ələlxüsus elə bir halda ki, Səfirlik və Dövlət Departamenti yeni həbslər baş verdikdə az şey deyir və göründüyü kimi, hərəkətə keçməzdən öncə təzyiqin artmasını gözləyir. Məsələn, siyasi fəal Aqil Hümbətov üç gün boyunca psixi klinikada saxlanılandan sonra azadlığa buraxılıb, bir gün sonra isə polis tərəfindən həbs olunub. ABŞ Səfirliyi bu məsələ ilə bağlı heç nə deməyib. Müxalifət partiyasının üzvü Niyaməddin Əhmədov bu yaxınlarda həbs olunub və “terrorçuluğu maliyyələşdirmə” maddəsi ilə təqsirləndirilib," müəlliflər bildirir.

ABŞ-ın Bakıdakı səfirliyi və Vaşinqtondakı Dövlət Departamenti yalnız Azərbaycan rejimi vətəndaşlarına qarşı pis rəftarı həmişəlik dayandırdığı zaman onları alqışlamalıdır.

Onlar deyir ki, bundan əlavə Azərbaycan rəsmiləri pandemiyadan sui-istifadə edərək hökümət tənqidçilərini həbs edirlər. Human Rights Watch təşkilatının bildirdiyinə görə, rəsmilər bu yaxınlarda “azı altı fəal və müxalifyönlü jurnalisti karantin rejimini pozmaq və ya polisin qanuni tələbinə tabe olmamaq kimi saxta ittihamlarla 10-30 gün arası həbsə məhkum edib.” Həbs olunanların çoxu hökümətin idarə etdiyi karantin mərkəzlərindəki şəraiti və hökümətin ictimai sağlamlıq böhranına anemik cavabını tənqid ediblər.

"Azərbaycan bunu edən yeganə ölkə deyil. Lakin rəsmilərin son iki ayda gördüyü tədbilər iyirmi ildən çoxdur müşahidə etdiyimiz davranış modelinin intensivləşməsidir. ABŞ və onun Qərbdəki müttəfqiləri siyasi məhbusların hər yerdə azadlığa buraxılmasına çağırmalıdır, xüsusilə də həbsxanaya göndərilmənin bu günahsız insanların həyatlarına təhlükə yaratdığı bu dövrdə. ABŞ-ın Bakıdakı səfirliyi və Vaşinqtondakı Dövlət Departamenti yalnız rejiminin vətəndaşlarına qarşı pis rəftarı dayandırdığı zaman Azərbaycanda baş verənləri alqışlamalıdır. Birdəfəlik." deyə Kazlariç və Kramer qeyd edir.

XS
SM
MD
LG