Accessibility links

Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri həbs edilib


Səlim Müslümov

Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında deyilir ki, Səlim Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Səlim Müslümovun nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib
DTX-nin məlumatından sitat

DTX bildirir ki, Səlim Müslümov Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırıl­ıb.

“Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib. Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib,” məlumatda qeyd edilir.

Səlim Müslümovun vəkili və ailə üzvləri hələ onun həbsinə münasibət bildirməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası

Azərbaycanda son dövrlər onadək nazirliyin, çoxsaylı icra orqanlarının rəhbərləri də daxil olmaqla yüksək vəzifəli şəxsləri barədə külli miqdarda rüşvətalma və vəzifədən su istifadə ittihamları ilə cinayət işləri qaldırılıb.

Sosial məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu cür həbslər gündəmə gələndə onu hər zaman bir sual düşündürür. Nə üçün təkrarlanır? Nə üçün nəticə çıxarılmır? Nə üçün növbəti dəfə eyni nöqsanlar baş verir?

“Mənim gəlidiyim nəticə budur ki, əslində bu cür qərarlar həmin qurumların rəhbərlərinin, vəzifəli şəxslərinin öz fəaliyyətlərində yol verdiyi nöqsanlardan, deyək ki, korrupsiya faktlarından, rüşvətxorluqdan daha çox siyasi hesablaşmalardan, bu kimi aspektlərdə qəbul edilən qərarlar fonunda baş verir. Digər şəxslər də düşünür ki, buradakı həbslərdə əsas faktor nöqsanlar deyil. Burada faktor korrupsiya, rüşvətxiorluq, qeyri-qanuni davranışlar deyil. Ona görə də öz fəaliyyətlərində davam edirlər. Bu düşüncə cəzasızlıq presedenti yaradır,” o qeyd edib.

please wait

No media source currently available

0:00 0:04:33 0:00

Təhlilçi hesab edir ki, Səlim Müslümovun həbsi də ciddi nəticələrə səbəb olmayacaq.

Əslində bu cür həbs qərarları həmin qurumların rəhbərlərinin fəaliyyətlərində yol verdiyi nöqsanlardan, korrupsiya faktlarından, rüşvətxorluqdan daha çox siyasi hesablaşmalar kimi aspektlərdə qəbul edilən qərarlar fonunda baş verir.
Rəşad Həsənov, ekspert

“Düşünmürəm ki, bu həbslər talanmış vəsaitlərin büdcəyə qaytarılmasına səbəb olacaq. Bir başqa məqam odur ki, talanan məbləğlərlə bağlı səsləndirilən rəqəmlər olduğundan qat-qat az olur. Bununla yanaşı, talanan vəsaitlərin sonradan qaytarılması, hansı hesaba qaytarılması ilə bağlı da ictimaiyyətə məlumat verilmir.”

Həsənovun fikrincə, korupsiya və rüşvət hallarının qarşısının alıması üçün fundamental dəyişikliklərə ehtiyac var.

“Baxın, hələ 2011-ci ilin fevralında hökumətin iclasında rüşvətə qarşı bir səlib yürüşü elan olundu. Ondan sonra bir ay yarım ərzində rüşvət götürülmədi. Sonda, bu, qanunvericiliklə və digər hüquqi aktlarla möhkəmləndirilmədi və gözlənilən effekti vermədi. Yəni, bu istiqamətdə aparılan işlərdə bir səmimiyyət olmalıdır və ictimaiyyət bunun effektivliyinə inanmalıdır.”

Rəşad Həsənovun qənaətincə, korrupsiyada iştirak edənlər həbslərin həqiqəti əks etdirdiyini hiss etməlidir.

“Bu olmadıqda onlar həbsləri rüşvət fonunda, qanunsuzluqlar fonunda qəbul edilmiş qərar kimi qəbul etmirlər. Ona görə də korrupsiya, rüşvət əməllərini davam etdirirlər.”

Həsənov hesab edir ki, vəziyyətdən çıxış üçün sistemli dəyişikliklərə ehtiyac var.

“Xalq qərarvermədə, idarəetmədə iştirak etmədiyi təqdirdə, belə bir sistem formalaşmadan həbslər heç bir effekt verməyəcək,” o, qeyd edib.

XS
SM
MD
LG