Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov İsveçrənin Lutsern şəhərində vəfat edib.
Bu barədə Amerikanın Səsinə keçmiş nazirin yaxınları bildirib.
“Tofiq Qasımov uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat etdi. Onu yanvarın 28-də Lutsern şəhər qəbiristanlığında dəfn etdik,” keçmiş nazirin yaxınlarından biri deyib.
Tofiq Qasımov 10 aprel 1938-ci ildə anadan olub.
O, 1987-ci ildən siyasətlə məşğul olmağa başlayıb. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından biridir.
1989-1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.
Azərbaycan SSRİ xalq deputatı seçilib, Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.
1992-ci ilin mayında Azərbaycan Xarici İşlər naziri təyin edilib. 1993-cü ilin aprelinə qədər bu vəzifədə çalışıb.
1994-cü ildən Müsavat Partiyasının üzvü idi.
1995-ci ilin sentyabrında Xüsusi Təyinatlı Polis Dəstəsinin işi üzrə dövlət çevrilişinə cəhdə çağırış ittihamı ilə həbs olunub. 1996-cı il fevralın 22-də beynəlxalq təzyiq altında azadlığa buraxılıb.
Sonradan Azərbaycanı tərk edib və İsveçrədə siyasi sığınacaq alıb.