Azərbaycanın mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.
Mədəniyyət Nazirliyinin məlumatına görə, nazirdən yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.
Məlumatda deyilir ki, Kərimov aprelin 16-dan müalicə olunur və hazırda vəziyyəti stabildir.
“Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk”, nazirlik qeyd edir.
Anar Kərimov ölkədə koronavirusa yoluxan ilk nazirdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.