Accessibility links

Azərbaycanın "pulyuyan maşını" ilə xaricə axan 2,9 milyard dollardan ABŞ-a da “pay çatıbmış”


Pulyuyan maşın
Pulyuyan maşın

Azərbaycanın "pulyuyan maşını" ilə 2012-2014-cü illərdə xaricə axan 2,9 milyard dollardan Birləşmiş Ştatlara da “pay çatıbmış”. Özəl Azərbaycan şirkəti Virciniyada bir qurumu işə cəlb edib, on ildən çox bir müddət ərzində ABŞ hökumətində lobbiçilik fəaliyyəti gerçəkləşdirilib. Bunu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsinin - OCCRP-nin yeni araşdırması üzə çıxarıb.

“Pulyuyan maşın”ın məqsədi Azərbaycan hökumətinin siyasi gündəmini təbliğ etmək olub. Daha öncəki araşdırmalar bu pulların bir hissəsinin Avropa siyasətçilərnin bank hesablarına köçürüldüyünü ortaya qoymuşdu. Həmin siyasətçilər prezident İlham Əliyev rejimininin jurnalistləri və siyasi fəalları həbs etməsinə baxmayaraq onu tərifləyirdilər.

İlham Əliyev
İlham Əliyev

​Bu pulun dəqiq mənbəyi bilinmir, saxta şirkətlər vasitəsilə gizlədildiyi bildirilir. Ancaq araşdırmalar həmin vəsaitin arxasında Azərbaycanın hakim elitasının durduğunu göstərib.

BİR MİLYON 600 MİN DOLLAR

Son araşdırmada isə deyilir ki, “pulyuyan maşın”ın mərkəzində duran, real sahibləri, yaxud direktorları olmayan iki saxta şirkət – Metastar Invest və Hilux Services Bakıda mənzillənən, “Renaissance Associates” adlı təşkilata bir milyon 600 min dollar köçürüb. Pul 18 dəfəyə, 2012-2014-cü illərdə köçürülüb. Bu təşkilatsa ABŞ-da lobbi şirkətini işə cəlb edərək Azərbaycanın təbliğiylə məşğul olub. Şirkətin təmsilçiləri ABŞ Konqresində xarici yardım büdcəsiylə bağlı qərar verən komitə üzvlərinə - senatorların, Nümayəndələr Palatası üzvlərinin kampaniyalarına ianələr ayırıb.

Renaissance şirkətinin Bakıda mənzillənən “biznesmenlər, pedaqoqlar və investorlar konsosiumu” olduğu, İsveçrədə ofislərinin yerləşdiyi bildirilir. Məqsədinin “Azərbaycanın 1991-ci ildə müstəqillik qazanandan bəri demokratik prinsiplərə və mülki cəmiyyətin gücləndirilməsinə sadiqliyini təbliğ etməklə Birləşmiş Ştatlardakı imicini yüksəltmək” olduğu vurğulanır.

Süleymanov Bakıda rejimi dəstəkləyən təşkilatın rəhbəridir və bu təşkilat da “Renaissance” ilə birlikdə işləyir, hətta ofisləri də birdir. Di gəl, “Renaissance” ilə Süleymanov, yaxud Azərbaycan hökumətində başqa biriylə rəsmi əlaqə aşkarlanmayıb. Bu səbəbdən ABŞ-dakı lobbiçilik şirkəti də Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) çərçivəsində bu əlaqəni açıqlamaqdan boyun qaçırıb. Axı, Birləşmiş Ştatlarda xarici hökumətlərin maraqlarını təmsil edənlərdən bunu bəyan etmək tələb olunur.

Elxan Süleymanovun təşkilatı Azərbaycanda Mülki Cəmiyyətin İnkişafı Uğrunda Assosiasiya adlanır. OCCRP araşdırmaçıları onun ofisiylə əlaqə saxlayıblar, ancaq onlara deputatın ingiliscə danışmadığı, ona görə də onunla birbaşa əlaqə yaratmağın mümkün olmayacağı söylənib. Avropa Şurasındakı profilində ingilis dili Süleymanovun işçi dili kimi göstərilir. “Renaissance” barədə Süleymanovdan, ofisindən açıqlama almaq mümkün olmayıb.

OCCRP həm Avropa, həm də ABŞ-da lobbiçilik fəaliyyətinin arxasında deputat Elxan Süleymanovun durduğunu qeyd edir. İtalyan təhqiqatçılar onun ölkənin imicinin təbliğini hədəfləyən “Azərbaycan 2020: Gələcəyə gülümsə” planına görə məsuliyyət daşıdığını bildirib. Bu planı 2011-ci ilin sonunda prezident İlham Əliyev irəli sürüb.

BAKININ ABŞ-DAKI ADAMI

Digər ödənişlərin isə prezident Əliyevlə sıx əlaqələri olan nüfuzlu neft və qaz konsultantına - Adil Bağırova ödəndiyi bildirilir.

Adil Bağırov
Adil Bağırov

O, Ohayo ştatının Deyton şəhərində yaşayır, özünü uğurlu mühacir kimi təqdim edir, ancaq ABŞ hökumətində Azərbaycan adına lobbiçilik. Hyustonda ABŞ Azərbaycanlıları Şəbəkəsinə rəhbərlik edir. Bakıda 10 konqresmenin iştirak etdiyi konfransın təşkilindən sonra Bağırova 253 min 150 dollar ödəniş olunduğu bildirilir. Ancaq Bakıdakı konfransa Azərbaycan Dövlət Neft Şirkətinin gizli şəkildə maliyyələşdirdiyi ortaya çıxınca, konqresmenlər sərt tənqid edildi, bu məsələni Nümayəndələr Palatasının Etika Komitəsi araşdırdı.

Bağırovun ABŞ-da Azərbaycan adına bir sıra tədbirlər gerçəkləşdirdiyi bildirilir. OCCRP onun və ailəsinin Bakıda elit çevrəylə oturub-durduğunu yazır. Özü ABŞ-dakı fəaliyyətə görə medalla təltif olunub. Atası və özü uyğun olaraq Rusiya və Azərbaycan hökumətlərində müşavir vəzifəsində çalışıb. O, həm ABŞ, həm də Azərbaycan vətəndaşı olub, azı 2005-ci ilədək Rusiya vətəndaşlığı da varmış.

Araşdırmada adları çəkilən şəxslər, eləcə də hakimiyyət təmsilçiləri, hələlik, açıqlanan faktlara münasibət bildirməyib. Ancaq indiyədək korrupsiya, şəffaflığın olmaması barədə beynəlxalq tənqidlər hakim elita tərəfindən rədd olunub, bütün bunlar ölkəyə qarşı “məqsədyönlü şantaj, qarayaxma kampaniyası” kimi dəyərləndirilib.

XS
SM
MD
LG