Accessibility links

Azərbaycanın “Silk Way West Airlines” şirkəti 5 ədəd "Boeing 777F" yük təyyarəsi alacaq


Azərbaycanın “Silk Way West Airlines” şirkəti donanmasını genişləndirmək məqsədilə ABŞ-ın "Boeing" şirkəti ilə alqı-satqı razılaşması imzalayıb. Razılaşmaya əsasən, "Silk Way West Airlines" şirkəti 2023-2027-ci illərdə 5 ən müasir "Boeing 777F" yük təyyarəsini almağı planlaşdırır.

Bu barədə "Silk Way West Airlines" və "Boeing" şirkəti məlumat yayıb.

Razılaşma aprelin 28-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev, "Silk Way Group" MMC-nin prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger və "Boeing"in prezidenti və baş icraçı direktoru Sten Dilin iştirakı ilə Bakıda keçirilən mərasimdə imzalanıb.

Məlumatda deyilir ki, təyyarələrin sifarişi Xəzər dənizi və Mərkəzi Asiya regionunda bir ilkdir.

"Boeing 777F" hazırda bazarda olan ən böyük ikimühərrikli yük təyyarəsidir. 9 200 km uçuş məsafəsi olan təyyarənin maksimal yük götürmə qabiliyyəti 102 000 kq təşkil edir.

“Azərbaycanda vahid nəqliyyat sistemi yaradılır və hava yolu nəqliyyatı burada önəmli rol oynayır. İnanıram ki, bu müqavilə regional nəqliyyat qovşağı və beynəlxalq ticarət və kommersiya əlaqələrində etibarlı hava yolu tərəfdaşı kimi Azərbaycanın mövqeyini möhkəmləndirəcək,” Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev qeyd edib.

"Boeing 777F" yük təyyarəsi
"Boeing 777F" yük təyyarəsi

"Boeing"in prezidenti və baş icraçı direktoru Sten Dil deyib ki, "Silk Way West Airlines" öz şəbəkəsinin coğrafi əhatəsini sürətlə genişləndirməkdədir.

“Növbəti 20 il ərzində qlobal hava yolu yükdaşıma bazarının 60%-dən daha çox artacağı gözlənilir və yeni sifariş şirkətin MDB məkanı, Avropa, Yaxın Şərq, Asiya və Şimali Amerikadakı ticarət və elektron kommersiya əməliyyatları üzrə tələbatlara cavab vermə imkanlarını möhkəmləndirəcəkdir. Silk Way West Airlines ilə olan tərəfdaşlığımızdan məmnunuq və bazardakı ən mütərəqqi effektivliyə və tutuma malik olan "777F" təyyarəsini şirkətin 747F yük təyyarələrindən ibarət mövcud donanmasına təqdim etmək üçün səbirsizlənirik,” o qeyd üedib.

2012-ci ildə əsası qoyulan "Silk Way West Airlines" 350 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.

XS
SM
MD
LG