2017-ci il üzrə Ümumdünya Turizm Təşkilatının hesabatına görə, Azərbaycana 2 milyon 454 min turist gəlib. Bu, 2016-cı ildəkindən 0,4 faiz çoxdur.
Eyni hesabata görə, ölkənin turizmdən əldə etdiyi gəlirlər 3 milyard 012 milyon dollara çatıb və bu, 2016-ci ildəkindən 0,6 faiz çoxdur.
Buna baxmayaraq, yerli statistik rəqəmlər dünya statistikasından kəskin şəkildə fərqlənir. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanı 2 milyon 969 min, 2016-cı ildə 2 milyon 248 min əcnəbi ziyarət edib.
Turizm sahələrindəki mənbələrə görə, 2017-ci ildə əcnəbilər 3 milyard 100 milyon manat, 2016-cı ildə isə 2 milyard 700 milyon manat xərcləyiblər.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə Turan agentliyinə müsahibəsində qeyd edib ki, ölkənin ÜDM-in strukturunda turizm gəlirlərinin əlavə dəyərinin nəzərə alınması daha düzgün olardı.
Onun sözlərinə görə, 2016 və 2017-ci illərdə turizm gəlirlərinin əlavə dəyəri ÜDM-in 4,6 faizini təşkil edir.
Eyni zamanda, o, gələn turistlərin sayılması üçün yeni bir sistem tətbiq etmək üzrə Azərbaycanda iş aparıldığını qeyd edib.
"Məsələn, 2017-ci ildə statistikaya görə ölkəyə 2 milyon 700 min adam ziyarət edibdi. Biz hesab edirik ki, bu rəqəmdən 2 milyon 450 min nəfərin ölkəyə turist marağı var".
O qeyd edib ki, hazırda Azərbaycan dünya standartlarına uyğun turist sayını hesablayır. Ona əsasən, ölkənin sərhədini keçən və ölkədə 24 saat keçirən hər bir şəxs turist sayılır.
Lakin onun fikrincə, bu statistikalar Rusiya və ya Gürcüstandan olan turistlər üzrə yanlış ola bilər.
"Turistlərin ümumi sayının 30 faizi Rusiya vətəndaşlarıdır. Ancaq nəzərə alınmalıdır ki, Rusiyanın vətəndaşları arasında qohumlarının yanına gələn azərbaycanlılar var və buna görə turist xidmətlərindən istifadə etmirlər və ÜDM-də əlavə turizm xərclərinin formalaşmasına kömək etməyəcəklər ".
Onun sözlərinə görə, turizmin mehmanxanada qalmaq, turizm yerlərinə səfər, restoranlarda yemək kimi birbaşa əlavə dəyəri ilə yanaşı, dolayı əlavə dəyər yaratması daha böyükdür.
"Hazırda biz yeni bir strategiya üzərində işləyirik ki, bununla da turistlərin dəqiq hesablanması sistemini tətbiq edəcəyik. Bunun üçün yerli və xarici mütəxəssislər cəlb edilib. Əsas məsələ budur ki, hansı rəqəmləri əsas götürməliyik?"
Kənan Quluzadə qeyd edib ki, iş yekun mərhələdədir və yaxın vaxtlarda Bakının və Azərbaycanın yeni turizm brendi təqdim olunacaq və bu da turizm strategiyasına daxildir.
Onun sözlərinə görə, müəyyən turist xidmətləri növü və konkret ölkələr üçün strategiya planlaşdırılır.
"Bütün bunlar Azərbaycana gələn turistlər və ölkənin turizmdən əldə etdiyi gəlirlər barədə dəqiq məlumatlar əldə etməyə xidmət edəcək", - deyə Kənan Quluzadə bildirib.