Accessibility links

Azərbaycan Yunanıstandakı səfirini Bakıya çağırıb


Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar olaraq Azərbaycanın Yunanıstandakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycana qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib,” Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Bundan öncə Yunanıstan Azərbaycandakı səfirini məsləhətləşmələr üçün Yunanıstana çağırıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir.

Hər iki tərəfdən çoxsaylı itkilərin olduğu bildirilir. Azərbaycan açıqlayıb ki, son günlər 25 civarında kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Erməni qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsnii və ona bitişik 7 rayonunu nəzarətə götürüb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG