Accessibility links

Azərbaycanın üç hərbi əsiri Ermənistana qaytardığı bildirilir


Azərbaycan tərəfinin mayın 4-də 3 erməni hərbçisini azad etdiyi bildirilir. Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun təyyarəsi ilə hərbçilərin Yerevana aparıldığı haqda məlumat verilib.

Bu barədə Azərbaycan və Ermənistan mediası rəsmi qurumlara istinadən məlumat yayıb.

Azərbaycan mediasında yayılan məlumatlara görə, "Azərbaycanın humanizm prinsiplərinə uyğun olaraq Ermənistana qaytardığı üç erməni hərbçi - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə Yerevanın “Erebuni” hava limanına eniş edib."

Ermənistan mediasında verilən məlumata əsasən, Ermənistan rəsmiləri hərbçilərin ölkəsinə qaytarılmasını təmin edən Rusiya hökumətinə, Rusiya sülməramlılarının komandanı Rüstəm Muradova təşəkkür edib.

Azərbaycan 2020-ci il noyabrın 10-da Qarabağda döyüşlərin dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatdan sonra 62 erməni hərbçisinin yenidən Qarabağa göndərilidiyini bildirib. Həmin hərbçilərin Azərbaycan Ordusunu və mülki şəxsləri atəşə məruz qoyduğu, nəticədə ölən və yaralananların olduğu bildirilib. Bundan sonra Azərbaycan tərəfi əməliyyat həyata keçirərək 62 erməni hərbçisini ələ keçirib. Azərbaycan həmin hərbçiləri hərbi əsir hesab etmir və bildirir ki, terror hərəkətləri həyata keçirdiklərinə görə ölkə qanunvericiliyi qarşısında cavab verməlidirlər. Erməni hərbçilərə qarşı cinayət işi qaldırılıb və hazırda istintaq gedir.

Erməni tərəfi isə Azərbaycanda 200-dən 300-ə qədər əsirin olmasını iddia edir və onların Ermənistana qaytarılmalı olduğunu bildirir.

Ermənistan Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda, Bakının beynəlxalq hüququ və 10 noyabr üçtərəfli bəyanatının müddəalarını pozduğu deyilib. Erməni tərəfinin verdiyi məlumata görə, Azərbaycan dekabr ayında Hadrutda tutulan 62 erməni hərbçini qanunsuz olaraq saxlayır.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, Ermənistan hərbçiləri üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə göndərilib və "təxribatlar" törədiblər.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

XS
SM
MD
LG