Accessibility links

Azərbaycan Şuşaya atılan “İsgəndər” raketlərinin qalıqlarını nümayiş etdirib


Bu gün, aprelin 2-də Azərbaycan Minatəmizləmə Agentliyi ötən il hərbi əməliyyatlar dövründə Azərbaycanın Şuşa şəhərinə atıldığı güman edilən Rusiya istehsalı “İsgəndər” raketlərinin qalıqlarını nümayiş etdirib.

Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib ki, martın 15-də əməkdaşlar tərəfindən Şuşa şəhərinin iki müxtəlif hissəsində təqribən bir-birindən 780 metr məsafədə iki ədəd partlamış raketin qalıqları aşkar edilib.

"Raketlərə baxış zamanı üzərində olan 9M723 koduna görə bunun “İsgəndər” raketi olduğu müəyyən olunub. Raketin ümumi uzunluğu 7.2 metr, diametri 920 millimetrdir. Raket tam olaraq partlamış haldadır və iki hissədən ibarətdir. Həmin ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir,” o qeyd edib.

Qərargah rəisinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, "bu, "İskəndər-M" raketidir".

News.am saytı bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Şuşa şəhərinə “İsgəndər” raketinin atılması barədə məlumatları şərh etməyib.

“Mən heç nə deyə bilmərəm, bu, məxfi məlumatdır,” o qeyd edib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan tərəfinin “İskəndər” raketlərinin qalıqlarının tapılması ilə bağlı açıqlamasını bu gün şərh edərkən deyib ki, bu, yeni məlumatdır.

“Yox, başa düşdüyüm qədər, bu, yeni məlumatdır. Mən bilmirəm, bu, hərbiçilər vasitəsilə məruzə edilib, bizim hərbiçilərin bu barədə hər hansı ətraflı məlumatı varmı. Bu, əlbəttə ki, daha çox onların səlahiyyətinə aiddir”, Peskov Rusiya prezidentinin Azərbaycan tərəfinin Qarabağ münaqişə zonasında Rusiya istehsalı olan “İsgəndər” raketlərinin qalıqlarının aşkar edilməsi haqqında məlumatından xəbəri olub-olmaması barədə suala cavabda bildirib.

Münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunub? Bu dəqiqləşdirici suala Peskov belə cavab verib.

“”İsgəndər”lərlə bağlı məsələni xatırlayırsınız, ki, münaqişə zamanı onlardan istifadə olunmayıb. Bu, təsdiq edilib,” RİA-Novosti agentliyi Peskova istinadən məlumat yayıb.

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiri olmuş Ərəstun Oruclu bildirib ki, Şuşa şəhərinin ərazisində tapılan raket qalıqlarının üzərindəki identifikasiya kodu "İsgəndərin" E deyil, M tipli raketə aid olmasını göstərir.

“Belə raket isə Ermənistanda yoxdur və olmayıb. Rusiya istehsalı olan "İsgəndərin" Ermənistana satılmış versiyası E (eksport) olub, M tipli "İsgəndərlər" isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. Amma, bunun ardınca Bakı üzərində vurulmuş "İsgəndər" raketlərinin haradan atılması sualı da üzə çıxır. Bunun da cavabı prinsipcə bəllidir, çünki "İsgəndər E" raketinin maksimum uçuş məsafəsinin 250-280 kilometr arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, ötən il noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 kilometrlik məsafə demək idi. Məlumatlı mənbələr İkinci Qarabağ Savaşı dövründə Azərbaycan ərazisinə bir neçə "İsgəndər" atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də hələlik bu haqda rəsmi məlumat yoxdur,” ekspert qeyd edib.

Müxalifətdə olan Müsavat Partiyası hesab edir ki, "İsgəndər-M" raketləri 500 kilometrlik orta mənzilli raketlər sinfinə aiddir.

"Həmin raketlərin ixracı 1987-ci ildə ABŞ ilə SSRİ arasında imzalanan “Yaxın və orta mənzilli raketlərin məhv edilməsi”nə dair müqavilənin tələblərinə tamamilə ziddir."

Müsavat Partiyası bu faktı Rusiyanın Azərbaycana qarşı hərbi aqressiyanın sübutu kimi qiymətləndirir.

Yerli medianın yazdığına görə, 2020-ci il noyabrın 10-da gecə saatlarında Bakı şəhəri yaxınlığında Xırdalan şəhəri üzərində azı iki raket zərəsizləşdirilib. Partlayış səsləri hətta Bakı şəhərində də eşidilib.

Xatırladaq ki, bu il fevralın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan hərbi münaqişə dövründə Ermənistanın “İsgəndər” raketindən istifadə etdiyini bildirib. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın “İsgəndər” raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə edilmədiyinə təəccüblənməsinə cavabında Nikol Paşinyan deyib.

“Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o bu suala cavab versin: Niyə atılan “İsgəndər”lər partlamadı, yaxud məsələn, 10 faizi partladı,” baş nazir qeyd edib.

Ermənistan baş nazirinin bu müsahibəsindən sonra Azərbaycan tərəfi ölkə ərazisinə “İsgəndər” raketlərinin atılması barədə xəbərləri təkizb edib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peslov isə Nikol Paşinyanın “İsgəndər” operativ-taktiki raketlərinin yararsız olması barədə dediklərinə münasibət bildirərkən deyib ki, Rusiya bunu şərh etmir.

“Rusiya texnikası dəfələrlə öz effektivliyini dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib,” o qeyd edib.

Münaqişə ilə bağlı qısa məlumat

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG