Accessibility links

Azərbaycan əhalisinin 2 milyon 234 min 200 nəfəri uşaqlardır


Uşaqlar

1 iyun Dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd edilir.

1925-ci il 1 iyun tarixində İsveçrənin Cenevrə şəhərində Uşaqların Rifahına həsr olunmuş Ümumdünya Konfransında Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan edilib.

BMT-nin hesablamalarına görə, dünyada yaşayan uşaqlarının yarıdan çoxu münaqişə, yoxsulluq və gender əsaslı zorakılıq nəticəsində uşaqlıqdan məhrum edilir.

Azərbaycanda bu gün hökumət və ictimaiyyət tərəfindən geniş qeyd edilir. Yerli mediada uşaqlara həsr edilmiş çoxsaylı verilişlər nümayiş etdirilir. Parklarda ictimai konsertlər, sərgilər təşkil edilib. Sosial şəbəkələr isə uşaqlarla bağlı statuslarla bəzənib. Sosial şəbəkə iştirakçıları uşaqlarının fotolarını, əsərlərini dərc edir, uşaq hüquqları sahəsindəki problemləri müzakirə edir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə ölkə əhalisinin 2 milyon 234 min 200 nəfərini 0-14 yaşınadək olan uşaqlar təşkil edib. Ölkədə hər min nəfərdən 318 nəfəri uşaqlardır. 2017-ci ildə 22 796 nəfər uşaq rəsmi nigahda olmayan qadınlar tərəfindən doğulub. Həmçinin 2017-ci ildə 2421 nəfər uşaq 18 yaşınadək olan analar tərəfindən doğulub.

Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkün kimi yaşayan uşaqlar var.

Azərbaycanda uşaqlrın hüquqları konstitusiya və çoxsaylı qanunlarla qorunur.

Azərbaycan 21 iyul 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib. 2000-ci il 6-8 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində isə Azərbaycan prezidenti bu konvensiyanın “Uşaqların silahlı münaqişəyə cəlb olunması” və “Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası” üzrə Fakültativ Protokollarını imzalayıb.

Bununla yanaşı Azərbaycan uşaq hüquqlarının qoryunması ilə bağlı onlarla beynəlxalq sənədə qoşulub.

Ölkədə orta ümumtəhsil məcburidir və uşaqların 100 faizə qədəri təhsilə cəlb edilir. Təhsil Nazirliyinin məlumatına görə, 2018-2019-cu tədris ilində 4443 orta məktəbdə 1 567 016 şagird təhsil alır.

Bununla yanaşı ekspertlər uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra çatışmamazlıqların olduğunu da qeyd edir. Müşahidəçilər küçələrdə yaşayan uşaqlar, uşaq sığınacaqlarının azlıq təşkil etməsi, uşaq psixoloqlarının azlığı, uşaqların sosial cəhətdən zəif müdafiəsi sahəsində olan problemlərin qaldığını bildirir. Mütəxəsislər son illərdə yeni doğulan oğlanların qızlardan çoxluq təşkil etmədsini də ciddi problem kimi qeyd edir.

XS
SM
MD
LG