Accessibility links

Sabiq münaqişə zonasında 9,584 mina, 7,081 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib


2020-ci il sentyabrın 27-dən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 16,586,032 kvadrat metr (1,586 hektar) ərazi yoxlanılıb, 9,584 ədəd piyada və tank əleyhinə minalar, 7,081 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi məlumat yayıb.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi əməliyyatları aparılır.

“Hazırda Bərdə-Ağdam, Füzuli (Horadiz)-Zəngilan (Ağbənd) dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Ağdam, Qubadlı və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir,” agentliyin məlumatında qeyd edilir.

Agentlik bildirir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın ermənilər yaşayan ərazisində ümumilikdə 1690 hektar ərazi, 525 kilometr yol, 1,613 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 25,237 partlayıcı qurğu zərəsizləşdirilib.

Ekspertlər hesab edir ki, Azərbaycanın azad edilmiş ərazilərində 100,000-dən çox mina var. Minalar əsasən düzənlik ərazilərdə, Tərtər, Ağdam və Füzuli rayonlarınəın ərazilərində basdırlıb.

Azərbaycanın ermənilər yaşayan ərazisində Rusiya sülhməramlıları, Azərbaycanın Ordusunun nəzarətində olan ərazilərində isə Minatəmizləmə Agentliyi, Azərbaycan, Türkiyə və Rusiya Müdafiə Nazirlikləri minatəmizləmə işlərini həyata keçirir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG